Alimlərə tənə etmək bidət əhlinin əlamətidir

English

Quranda buyurulduğu kimi, alimlər Allah tərəfindən ucaldılmış və təriflənmiş kimsələrdir:

Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”. (əl-Mucadələ, 11).

“De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (əz-Zümər, 9).

Uca Allah alimləri mələklərlə birlikdə zikr edərək deyir:

“Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir”. (Ali-İmran, 18).

İbn Camaa (Allah ona rəhm etsin) demişdir: “Uca Allah Özündən başlayaraq, sonra mələkləri və sonra isə alimləri qeyd etmişdir. Bu da bir fəzilət və ehtiram olaraq onlar üçün kifayətdir”. (“Təzkiratus-Sami‘”, 27).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “İnsanlar üçün elə zamanlar gələcək ki, o zamanlarda sadiqlərə inanmayıb, yalançılara inanacaqlar, etibarlı insanlardan şübhələnib, xainlərə etibar edəcəklər; söz (ixtiyar) ruvaybidaya məxsus olacaq”. Ondan: “Ruvaybida kimdir?” deyə soruşduqda, o dedi: “Ümumi məsələlərdən danışan səfeh”. (Əhməd, 2/ 291; İbn Məcəh, 4036. Şeyx əl-Albani hədisin həsən olduğunu bildirmişdir).

Əbu Umamadan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rəsulu (Allahın salamı və salavatı ona olsun) dedi: “Üç şey həlaka uğradandır: xəsisliyə uymaq, nəfsə tabe olmaq və insanın özündən razı (heyran) olması”. (ət-Tabərani, 54/ 53; əl-Qədai, 325. Şeyx əl-Albani həsən olduğunu bildirmişdir).

İbn Ləbid (Allah ondan razı olsun) rəvayət edir: “Bir dəfə Allah Rəsulu (Allahın salamı və salavatı ona olsun) yanımızda bir neçə məsələ haqda söz açdı və sonra dedi: “Bunlar elm yox olduqda baş verəcək”. Mən ondan soruşdum: “Axı biz, bizim övladlarımız və övladlarımızın övladları Quran oxuduğu zaman elm necə yox olacaq?!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cavabında dedi: “Anan səni itirsin, ey İbn Ləbid! Məgər yəhudi və nəsranilər Tövratı və İncili oxuduqları halda xeyr əldə edə bilirlərmi?!” (Əhməd 4/218; ət-Tirmizi, 2653. Şeyx əl-Albani səhih olduqunu bildirmişdir).

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah Öz qullarını sadəcə elmdən məhrum edərək elmi qaldırmır, lakin O elm əhlini (dünyadan) apararaq elmi qaldırır. O, həyatda bir nəfər alim saxlamadığı halda, insanlar özlərinə cahil idarəçilər seçəcəklər. Onlara suallar veriləcək, onlar isə elmsiz olaraq fətva verəcəklər. Nəticədə də həm özləri zəlalətə düşəcək, həm də başqalarını zəlalətə sürükləyəcəklər”. (əl-Buxari, 100; Muslim, 3/ 737).

Ubada İbn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən, elm əhlinin haqqını verməyən bizdən deyil”. (əl-Albani “Səhih əl-Cəmi” 5443).

Bir dəfə İbn Məsud (Allah ondan razı olsun) soruşdu: “İslamın necə yox olacaqını bilirsinizmi?!” Ondan: “Necə?”- deyə soruşdular. O dedi: “Uzun müddət geyildikdən sonra geyimin köhnəldiyi kimi. İnsanlar arasında iki elm əhli olacaq, onlardan biri öləcək və elmin yarısı itəcək. Sonra o birisi öləcək və elm tamamən itəcək”. (“Fəqih vəl-Mutəfəqih” 147).

Bir dəfə İbn Abbas (Allah ondan razı olsun) soruşdu: “Elmin yer üzündən necə yox olacaqını bilirsiz?” Ona: “Xeyr”- deyə cavab verdilər. O dedi: “Alimlərin itməsi ilə”. (Əbu Heysamə “Kitabul-İlm”, 53).

Səhl ibn Abdullah ət-Təstəri (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbərlərin məclislərinə baxmaq istəyən, alimlərin məclislərinə üz tutsun. O onlar vasitəsi ilə peyğəmbərlər haqqında bilgi əldə edir”. (“Təzkiratus-Sami”, 35).

İmam əl-Əcurri (Allah ona rəhm etsin) demişdir: “Gecə, təhlükələrlə dolu olan və insanların bir nura ehtiyac duyduğu yol haqqında nə deyərsiniz?! Allah da onlara yol göstərici bir nur bəxş etdi və onlar da həmin yol ilə əmin-amanlıq və firavanlıq içində hərəkət etdilər, lakin sonra insanlar gəldi və nuru (onlardan) alaraq, onları zülmətdə qoydular. Siz onlar haqqında nə düşünürsünüz?! İnsanlar arasında olan alimlər də belədir. İnsanların əksəriyyəti onların üzərinə düşən vacibatları necə yerinə yetirdiklərini bilmirlər, haramdan uzaqlaşma yollarını və Allaha necə ibadət edəcəklərini bilmirlər və alimlərə möhtacdırlar. Alimlər vəfat etdikdə isə insanlar zülmətdə gəzib dolaşırlar. Alimlərin vəfatı ilə elm azalır, cahillik isə yayılmağa başlayır. Həqiqətən, biz Allaha məxsusuq və Ona qayıdacağıq, onların ölümündən daha fəlakətli nə ola bilər?!” (“Əxlaqul-Uləmə” 28-29).

İmam əz-Zəhəbi (Allah ona rəhm etsin) demişdir: “Elm – rəvayət çoxluluğu deyil, Allahın qəlbdə bərqərar etdiyi bir nurdur. Onun şərti (həmin elmi) təqib etmək və nəfsi istəkləri və bidətləri tərk etməkdir”. (“əs-Siyər” 13/ 323).

İmam əl-Məvardi (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən, alimlər elmlərinə görə hörmət və ehtirama layiqdirlər, səlahiyyət və zənginliklərinə görə deyil”. (“Ədabud-Dunyə vəd-Din” 94).

Sufyan ibn Uyeyna (Allah ona rəhm etsin) demişdir: “İnsanlar arasından Allah dərgahında ən yüksək təbəqəyə malik olanlar, Onunla Onun bəndələri arasında yer tutanlardır. Onlar peyğəmbərlər və alimlərdir”. (“Təzkiratus-Sami” 36).

İmam Əbu Nuaym əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Hakimlərə qarşı ixlaslı olan kimsə, haqq yolu üzrədir, ixlaslı olmayan isə haqq yolundan sapmış və həddini aşmışdır”. (“Fadılatul-Adilin”, 140).

İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Müsəlman hakiminə dil uzadan bir kimsə görsən, bil ki o, nəfs və hava əhlindəndir. Hakimi üçün Allahdan xeyir və bərəkət istəyən kimsə görsən, bil ki o, Sünnə əhlindəndir”. (“Sərhus-Sunnə”, 113).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Müsəlman alimlərini küfrdə ittiham edən bəzi cahillərin özbaşınalıqına gəldikdə, bu ən böyük münkər əməllərdəndir və bunun əsasını qoyanlar, hər hansı bir imamın dində səhv etdiyini iddia edərək, müsəlman imamlarını küfrdə ittiham edən xavaric və rafizilərdir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 35/ 100).

İmam at-Təhavi (Allah ona rəhm etsin) demişdir: “Birinci və sonrakı nəsillərdən olan alimlər, haqq yolunu tutan, fiqh və ixtilaf məsələlərini dərk edən bərəkət sahibləridir. Bizlər onları yalnız xeyrlə anırıq, onları pisləyən isə haqq yolunda deyil”. (“Aqidətut-Tahaviyyə” 24).

İmam əs-Səffarini (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən alimlərin xidmətləri məlumdur və fəzilətləri də böyükdür. Onların ləyaqətini alçaltmağa cəhd edən, insanların ən alçağı və rəzilidir, onlara nifrət edən isə İblisin dəstəsindəndir”. (“əl-Ləvhul-Ənvar” 2/ 355).

Şeyx Abdul-Lətif ali Şeyx (Allah ona rəhm etsin) demişdir: “Bidət əhlinin adətlərindəndir ki, onların dəlilləri bitdikdə və onlar çıxılmaz vəziyyətə düşdükdə, özlərini tərifləyir, sünnə əhlinə isə dil uzadıb onları pisləməyə başlayırlar”. (“Sənaul-Bədi” 65).

İmam İbn Əsakir (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən, alimlərin cəsədləri zəhərlidir və onları pisləyənin aqibəti bəllidir! Allah, alimlərə qarşı dil uzadanın qəlbini, cəsədindən əvvəl öldürəcəkdir”. (“Təbayin Kizb əl-Muftara” 27).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) demişdir: “Qeybət haramdır və böyük günahlardandır. Xüsusən də müsəlman başçılarına və alimlərə qarşı edildikdə. Həqiqətən, hakim və alimlərə edilən qeybət, adi insanların qeybətindən daha ağırdır. Bunun səbəbi ondadır ki, alimlərin qeybətini etmək, onların daşıdıqı və insanlara öyrətdiyi elmin fəzilətini alçaldır. Sonra da insanlar onların daşıdığı elmi inkar edir və bununla da dinə zərər vururlar. Müsəlman hakimlərinin qeybətini etmək, onların nüfuzunu salır və sonra da insanlar onlara qarşı çıxırlar. İnsanlar müsəlman hakimlərinə qarşı üsyan etdikdə, hərc-mərclik yayılır”. (“Şərh Riyad əs-Salihin” 1/ 340).

Tavus (Allah ona rəhm etsin) demişdir: “Alimə hörmət sünnədir”. (Abdur-Razzaq, 20/ 32).

İmam İbn əl-Mubarak (Allah ona rəhm etsin) demişdir: “Alimlərə laqeyidliklə yanaşan Axirətini itirmişdir”.  (İbn Əsakir, 32/ 344).

Səhl ibn Abdullah at-Təstəri (Allah ona rəhm etsin) demişdir: “İnsanlar əmr sahiblərinə və alimlərinə ehtiram bəsləyənə qədər əmin-amanlıqda qalacaqlar. Onlara ehtiram bəslənilməkdə davam edilərsə, Allah onların həm dünyasını həmdə Axirətini qaydaya salar. Əgər insanlar onlara laqeydliklə yanaşsalar, onda öz dünya və Axirətlərini məhv etmiş olarlar”. (“Tafsirul-Kubra” 5/ 260).