Özünü partlatmadan öncə hara gedəcəyin barədə düşün!

English

Şeyx Abdul-Əziz ibn Bəzz (Allah ona rəhm etsin) daxil olmaqla böyük alimlər heyətinin ər-Riyad şəhərində baş vermiş partlayışla bağlı fətvasında deyilir:

"Böyük alimlər heyəti son zaman baş verən bu düşmənçiliyi cinayət və iyrənc əməl hesab edir. Bu bir xəyanətdir. Dinin insanlara verdiyi yaşam, mal-dövlət, əminamanlıq və sabitlik haqqına qarşı təcavüzdür. Bunu yalnız nifrətlə, xəyanətlə, həsədlə, zülmlə, düşmənçiliklə, həyata və xeyrə nifrətlə dolmuş cinayətkar nəfs edə bilər. Müsəlmanlar belə əməllərin haram olmasında yekdil rəydədirlər.

Baş verən bu hadisə özündə bir neçə ağır günah daşıyır.

Birinci: bu hadisədə günahsız cana qəsd edilmişdir. Həmin adam özünü partladıb özü ilə bir neçə müsəlman və qeyri müsəlmanı qətlə yetirmişdir. Halbuki uca Allah özünə qəsd etməyi haram etmişdir: "Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29); "Öz əlinizlə özünüzü təhlükəyə atmayın..." (əl-Bəqərə, 195).

Əgər ayədə deyilənlər mal-dövləti xərcləməklə bağlı deyilibsə, görəsən açıq-aşkar özünə qəsd etmək necə?! Halbuki, kim özünü dəmir alət ilə öldürərsə, Qiyamət günü həmin alətlə ona əzab veriləcəkdir.

İkinci: Bu hadisədə müsəlmanlar qətlə yetirilmişlər. Müsəlmanı qətlə yetirmək isə böyük günahlardan biridir. Yəni, Allaha şərik qoşmaqdan sonra gələn ikinci böyük günah müsəlmanı qətlə yetirməkdir. Uca Allah buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir..." (ən-Nisa, 93). O müsəlmanı qətlə yetirir və müsəlmanı qətlə yetirəcəyini də bilir. Ona görə Uca Allah belə demişdir: "Onun cəzası əbədi qalacağı Cəhənnəmdir...".

Üçüncü: Bu hadisədə şəriətin qətlinə icazə vermədiyi insanlar, əhd bağlayanlar, əmin-amanlıqda olanlar, zimmilər, rəhbərin və ya müsəlmanların aman verdiyi kimsələr, hansısa məqsədlə ölkəyə gələnlər qətlə yetirilmişdir. Halbuki, sıravi müsəlmanın verdiyi amanı hər kəs qorumalıdır. O ki qaldı ümmətin, dövlətin və ya rəhbərin aman verdiyi, yaxud əmin-amanlıqla ölkəyə gəlmiş insanlara, bu insanlara qarşı ədavət aparmaq olmaz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Əhd bağlayan kimsəni öldürən Cənnətin iyini duyan deyildir". Bu hədisdə deyilən bütün qeyri-müsəlmanlar daxildir. Aramızda əhd olanlarla əhdimizi qorumalıyıq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Əhdlərə sadiq olun..." (əl-Maidə, 1); "Əhdə vəfa edin, çünki (insan) əhd barəsində (Qiyamət günü) cavabdehdir..." (əl-İsra, 34)

Ölkəmizə qədəm qoyan qeyri-müsəlman ölmək üçün gəlibmi? Təbii ki, xeyr. Biz ona aman vermişik ki, o tam əminamanlıqla buraya işləməyə və ya hansısa işi görməyə gələ bilər. Heç bir müsəlmana bu əhdi pozmaq halal deyil. Əhdi pozmaq müsəlmanların deyil, münafiqlərin xislətindəndir. Münafiqin üç əlaməti vardır. Biri də əhdinə xilaf çıxmasıdır. Əhdə xilaf çıxmaq müsəlmanın xüsusiyyəti deyil, münafiqin xislətidir.

Həmçinin, bu cinayətlərdə müsəlmanların mal-dövlətinə qarşı ədavət vardır. Həmin hadisədə ölən canlar və tələf olan mal-dövlət kimə məxsusdur? Müsəlmanların mal-dövlətidir. Müsəlmanın qanının, malının və namusunun qorunması hamıya aydındır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ərəfa günü xütbə verərkən bunu bir daha təkid etmiş və demişdir: "Sizin qanınız, malınız və namusunuz bir-birinizə haramdır. Siz haram yerdə, haram ayda və haram gündə olduğunuz kimi, bu da sizə haramdır". Bu rəvayət Buxari və Müslimin səhih əsərlərində Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edilir.

Həmçinin, bu cinayət uca Allah tərəfindən şəriətin qayəsi edilən əmin-amalığın sarsıdılması deməkdir. İslam şəriətinin tətbiqində nəzərdə tutulan əsas qayələrdən biri də insanların həyatında əmin-amanlığın gerçəkləşməsidir. Bu, Uca Allahın bəndələrinə əta etdiyi əvəzsiz nemətidir. Nur surəsində deyilir: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əzəv edəcəyini vəd buyurmuşdur..." (ən-Nur, 55). 

Əmin-amanlığın gerçəkləşməsi şəriətin əsas məqsədlərindən biridir. Şəriət özü əminamanlığı bərpa etmək üçün gəlmişdir ki, ondan irəli gələn tək Allaha ibadət etmək və heç nəyi Ona şərik qoşmamaq kimi məqsədlər həyata keçsin. 

Əmin-amanlıqdan xeyirxahlıq, pis işlərin təmizlənməsi, dəvətin yayılması, xeyrin vüsət alması, islahatların aparılması, ümmətin yüksəlişi və güclənməsi kimi gözəlliklər doğur. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu sözünə diqqət yetirin: "Allaha and olsun, Allah bu işi (yəni şəriətin yayılmasını) tamamlayacaq. Hətta tənha qadın İraqdan Məkkəyə gedəcək və Allahdan başqa heç nədən qorxmayacaq". Diqqət yetirin, burada Peyğəmbər (salləllau aleyhi və səlləm) əmin-amanlığın tam hasil olmasını şəriətin yayılması ilə əlaqələndirdi. Nəticə nə oldu? Əmin-amanlıq hasil oldu. Buna görə şəriətdə quldurluq üçün xüsusi cəza təyin edilmişdir. Bir çox insanlar quldurluğun müharibə (ərəb. hirabə) adlandırılmasını başa düşmürlər. Halbuki, Uca Allah buyurur: "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmədir..." (əl-Maidə, 33).

Nə üçün yer üzündə fitnə-fəsad törətmək, quldurluq etmək və quldur dəstələr toplamaq vuruşmaq (ərəb. Hirabə) adlandırılmışdır? Nə üçün Quran ayəsi bunu Allaha və Rəsuluna qarşı müharibə adlandırmışdır? Çünki, bu Uca Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) şəriətlə həyata keçirmək istədiyi əmin-amanlığa qarşı müharibədir. Əmin-amanlığa qarşı müharibə aparmaq, əmin-amanlığı şəriətin qayəsi edənə qarşı, Allaha və Rəsuluna (salləllahu aleyhi və səlləm) qarşı döyüşməkdir.