Hucurat surəsinin 6-cı ayəsi necə başa düşülməlidir?

Sual: 
Deyirlər ki, Hucurat surəsi 6-cı ayədə deyilir: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın..." Ayənin əks məfhumu budur ki, etibarlı adam sizə xəbər gətirdikdə bunu araşdırmırıq və həqiqət kimi qəbul edib inanırıq. Lakin, alimlərdən Əbu Hənifə, Nəvəvi və s. bəzi xətalara və hətta bidətlərə düşüblər. Bu ayənin əks məfhumunu və sadiq insanın dediklərini dəlil götürsək, onda alimlərin bütün danışdıqlaınında bəzi uyuşmazlıq görərik. Bunu necə başa düşməliyik?
Cavab: 

əs-Sələmu aleykum. Abdur-Rahmən əs-Səədinin (Allah ona rəhm etsin) təfsir kitabında bu ayənin izahına baxsaq bu mənanı aydın görə bilərsiniz. Həmçinin, ayənin nazil olma səbəbini bilmək və nə məna verdiyini başa düşmək lazımdır. Orada deyilir ki, "xəbər gətirsə". Doğrunun və yalanın daxil ola biləcəyi hər hansı bir məlumata xəbər deyilir. Alimlərin düşdükləri o məsələlər isə sırf xəbər baxımından olan məsələlər deyil, çünki onlar hamısı ayə və hədislərin şəriət dəlillərindən çıxan hökmlər və ictihadlardır. Ona görə də onların bu hökmlərinə yalanın və ya həqiqətin daxil ola biləcəyi məsələlərin səbəblərinə baxmaq lazımdır. Məsələn, İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) Uca Allahın bəzi sifətlərinin mənalarını isbat etməkdə təvil (mənasını yozmaq) etmişdir. Onun "yalan dediyini" demək olmaz. Artıq bu məsələyə başqa tərəfdən baxılır. Xətanın və təvilə düşməyin səbəblərinə - ictihad, rəy, dəlilin çatmaması və s. - baxmaq  lazımdır. Ona görə ayənin nazil olma səbəbinə baxsaq biləcəyik ki, burada söhbət nədən gedir. Məsələn, İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) zəkatları yığıb toplamaq üçün əl-Valid ibn Uqbə ibn Əbu Muaytı (Allah ondan razı olsun) zəkat məmuru olaraq təyin etdi və onu İslamı yenicə qəbul etmiş Mustaliq oğullarına göndərdi. Cahiliyyət dövründə də bu insanla həmin qəbilə arasında düşmənçilik var idi. Lakin buna rəğmən onlar bu xəbəri eşidincə çox sevindilər və miniklərinə minib Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) onlara zəkat məmuru olaraq gəlməkdə olan elçisini qarşılamağa getdilər. əl-Valid uzaqdan bu mənzərini gördükdə onların ona hücüm çəkərək onu öldürmək istədiklərini zənn etdi və yolun yarısından Pəyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına geri döndü və belə dedi: "Ey Allahın, onlar zəkat ödəməkdən boyun qaçırdılar və məni öldürmək istədilər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bundan bərk narahat oldu və şiddətli şəkildə qəzəbləndi. Hətta bu əsnada Rəsulullah (sallallahu aleyhi və səlləm) onların üzərinə bir döyüşə çıxmağa niyyət etmişdir ki, Mustaliq oğullarından bir nümayəndə heyəti Mədinəyə gəldi və dedilər: "Ey Allahın elçisi, bizə göndərmiş olduğun elçinin gəlməkdə olduğunu eşidincə onu qarşılamağa çıxdıq. O isə uzaqdan bizi görüncə yolun yarısından geri dönərək sürətlə qaçmağa başladı. Biz də zənn edərək qorxduq ki, birdən bizə qəzəbləndiyin üçün onu geri qaytarmış olarsız. Biz isə Allah və Onun Rəsulunun qəzəbinə tuş gəlməkdən Uca Allaha sığınırıq! Bizim niyyətimiz yalnız onu qarşılamaq və zəkatımızı ona vermək idi. Bizə gələn xəbərə görə o (zəkat məmurunu) Allahın Rəsuluna onu öldürmək üçün qarşı çıxdığımızı söyləmişdir. And olsun ki, onu öldürmək üçün gəlməmişdik". Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir qədər fikrə gedərək düşündü və hadisə səbəbilə Uca Allah bu ayəni nazil etdi: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (əl-Hucurat, 6). (Əhməd, 18434).

Nəticə isə odur ki, yuxarıda sadalanan Hucurat surəsindəki ayədə söhbət xəbərdən gedir.