Hizbiçilik haqda

English

“Hizbi”- tayfaya, partiyaya deyilir. Uca Allah buyurur: Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə (“hizb”) özündə olana sevinir”. (əl-Muminun, 53). Yəni, bir şey üzərində cəm olunanlara, birləşənlərə deyilir. “Hizb” (tayfa, dəstə, partiya) Quranda iki növdür:

Birincisi: Uca Allahın hizbi (tayfa, firqə, dəstə). Belə ki, Uca Allah buyurur: Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir (“Hizb-Əllah”)”. (əl-Maidə, 56). Yəni, Uca Allahın köməkçiləridir.

İkincisi: Şeytanın hizbi. Uca Allah buyurur: Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər (“hizbuş-şeytan”). Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır”. (əl-Mucədələ, 19). Yəni, köməkçiləri və davamçılarıdır.

Alimlərin dilində isə hizbilik - məsum olmayan bir kişiyə və ya bir camaata təəssübkeşlik etmək, ümumən onun sözlərindən və ya fikirlərindən kənara çıxmamaq, haqqa zidd olsa belə həmin kişi və ya  həmin camaata görə dostluq və düşmənçilik etməkdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir: “...Özlərinə bir şəxs və ya bir rəy götürüb onunla ümmətin arasını parçalamaq, bu rəyə va ya bu nisbətə görə dostluq və düşmənçilik qurmaq bidət əhlinin əməlindəndir”.

Məzəmmət olunan, qınanılan hizbiliyin həqiqəti - məsum olmayan şəxsə görə dostluq və düşmənçilik etməkdir. İstər bu əsli məsələlərdə, istərsə də törəmə məsələlərdə olsun...

Hizbiliyin şüarı - “əgər mənimlə deyilsənsə, deməli mənə qarşısan".

Hizbiliyin haram olması səbəblərindən biri də hizbi şəxsin həqiqətdə təəssübkeşlik etdiyi şəxsə peyğəmbərlik sifəti verməsi və dostluğu-düşmənçiliyi ona görə qurmasıdır. Hizbilik cahiliyyə əməllərindəndir və o, dini parçalamaq və camaatdan çıxmaqdır. Bizə vacib olan isə Kitab və Sünnədən yapışmaqdır. Uca Allah buyurur: Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali-İmran, 103). Həmçinin, buyurur: Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir (“Hizb-Əllah”)”. (əl-Maidə, 56).

Uca Allahın hizbinin dostluğu Allaha, Peyğəmbərinə və haqq olan möminlərədir. Hizbi yalnız o şəxsə deyilir ki, onda hizbilik vəsfi şərtləri ilə tamamlanmışdır. Bir kəsdə bu vəsf tamamlanmayıbsa, ona hizbi demək haramdır və bu, Uca Allahın qadağa etdiyi pis ləqəblə çağırmağa daxildir. Necə ki, Uca Allah buyurur: Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın”. (əl-Hucurat, 11).

Şeyx Muqbil ibn Hədi əl-Vadii (Allah ona rəhm etsin) belə demişdir: “Hizbiçiliyin üç əsası vardır:

1) Yalan (yalan danışmaq, böhtan atmaq); Tədlis (aldatma, fırıldaqçılıq, saxtakarlıq); Satqınlıq - (satqınçılıq, aldatma, fırıldaqçılıq)”.

Bir dəfə şeyx bunlara Məkr - hiyləni də əlavə etmişdir.

(“Bəşəirul-Fərahi Bitəqribi Fəvaidil-İməmi əl-Vadii' fi ilmir-Ricəli val-Mustaləhi liş-Şeyx Əbi Ravahə Abdullah ibn İsa əl-Muri”).

Şeyx Muqbil ibn Hədi (Allah ona rəhm etsin) buyurur: “Əhli-Sünnənin alimlərinə tənə etmək hizbiçilərin əlamətlərindəndir”.

Şeyx Muqbil İbn Hədi (Allah ona rəhm etsin) buyurur: “Əgər barmağım belə hizbiçi olsaydı, mütləq onu da kəsərdim”. (Şeyx Muqbilin dərslərindən).

İbn əl-Cəuzi (Allah ona rəhm etsin) buyurur: “Hansı insan öz havasına qalib gələrsə, özündə qüvvət və izzət hiss edər. Hansı insana ki, havası qalib gələr, o özündə zəlillik və məğlubiyyət hiss edər”. (Zimmul-Həva, səh. 13).

Sufyan əs-Səuridən (Allah ona rəhm etsin) soruşurlar: “Hava əhlinə nə olub ki, onların öz havalarına bu qədər şiddətli məhəbbətləri var?” O: “Uca Allahın belə dediyini unutmusanmı: “Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi” (əl-Bəqərə, 93) deyərək cavab verdi”. (İbn Teymiyyə “Fətava” 10/ 170).