Murciələr haqqında

English

Murciələr – iman mövzusunda Əhli-Sünnədən ayrılmış bir firqədir.

Murciələr haqda olan hədisdə Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ümmətimdən iki firqə mənim bulağıma yaxın buraxılmayacaq və Cənnətə daxil olmayacaqlar. Onlar – Qadərilər və Murciələrdir! (ət-Tabərani “əl-Əusat” 4204, “Təhzib əl-Əsər” 1969; İbn Əbu Asim “Sünnə” 949. əl-Albani “Silsilətu Əhədisis-Sahihə”də (2748) həsən olduğunu bildirmişdir).

Murciələr Əhli-Sünnəyə bir çox iman məsələlərində müxalif olmuşlar.

İmam Əhməddən (Allah ona rəhmət etsin) “Murciələr kimlərdir?” – deyə soruşduqda, o belə cavab verdi: “O kəslər ki, imanın yalnız sözdən ibarət olduğunu iddia edirlər!” (əl-Xalləl “əs-Sunnə” 959).

Sufyən əs-Səuri (Allah ona rəhmət etsin) buyurur: “Bizimlə murciələr arasında üç fərq vardır:

1. Biz deyirik: “Söz və əməl imandandır”, onlar isə deyirlər: “İman – yalnız sözdən ibarətdir!”

2. Biz deyirik: “İman - artıb azalır”, onlar isə deyirlər: “İman - nə artır, nə də azalır!”

3. Biz deyirik: “Münafiqlik mövcuddur”, onlar isə deyirlər: “Münafiqlik deyə bir şey yoxdur!” (“Sıfətun-Nifəq” 74).

İmam İbn əl-Cəuzi (Allah ona rəhm etsin) buyurmuşdur: “Murciələr iddia edirlər ki, şəhadət gətirən bir kəsin heç bir əməli olmasa belə, o, Cəhənnəmə daxil olmayacaq”. Bu sözləri ilə onlar günahı olan tövhid əhlinin Cəhənnəmdən çıxarılacaqlarından xəbər verən səhih hədislərə müxalif olmuşlar. Murciələr üçün insanlar (iman cəhətdən) eynidirlər. Belə ki, onlar üçün Həccacın imanı Cəbrayılın (ona Allahın salamı olsun) və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) imanına bərabərdir!” (İbn əl-Cəuzi “Təlbisul-İblis” 103)

Abdur-Rahmən ibn Məhdi (Allah ona rəhm etsin) buyurur: “İrcanın ilk təzahürü – istisnaların tərk olunmasıdır!” (əl-Xalləl “əs-Sunnə” 3/598). Yəni ki, “Sən möminsən?”– deyə soruşduqda, “İn şəə Allah möminəm” və ya “Ümid edirəm” demək əvəzinə, əminliklə “Bəli”– deyə cavab vermək.

İməm İbn əl-Mubərak (Allah ona rəhm etsin) buyurur: “Murciələr saleh əməllərinin qəbul olunduqlarını iddia edirlər, lakin mən bilmirəm, mənim saleh əməllərim qəbul olunur, yoxsa yox”. (“Silsilətu Əhədisis-Sahihə” 7/153).

Murciələrin əsas xüsusiyyətləri

1. “İman nə artır, nə də azalır”- iddiasını etmək.

2. Zahiri əməlləri imana daxil etməmək. (Zahiri əməlləri imanın kamilliyindən adlandırmaq, yəni ki, zahiri əməllər İmanın gücləndirilməsi üçündür, zahir əməllərin olmaması imanın əslinin getməsi demək deyil, yəni kamilliyi üçündür demək, əməlləri imandan saymamaq deyildir).

3. Hər bir müsəlmanın, kamil iman sahibi olmasını iddia etmək.

4. Böyük günahlara etinasız yanaşmaq və günahların imana zərər vurmadığını iddia etmək. Məhz bu səbəbdən, murciələr müsəlman bir kəsin, Cəhənnəmə girməyəcəyini iddia edirlər. Həmçinin, murciəliyin bu növü indiki müsəlmanlar arasında geniş yayılmışdır. Beləki, onlar Uca Allah tərəfindən vacib buyurulan əməllərin demək olar ki, hamısını təkr edərək, Allahın Rəhməti və Bağışlanma sifətinin hədsiz olduğuna güvənirlər. Şübhəsiz ki, bu, murciələrin təhlükəli ideologiyalarındadır.

5. İman məsələlərində istisna etməyin yol verilməz olduğunu iddia etmək. Yəni, “Mən in şəə Allah Möminəm” deməyin yol verilməz olduğunu iddia etmək. Murciələr bunu iman məsələlərində şübhəyə nisbət edirlər ki, o da (yəni, iman məsələlərində şübhə etmək) küfrdür.

6. Küfrün yalnız etiqadda olduğunu iddia etmək. Halbuki, küfr həm etiqadda, həm sözdə, həm də əməldə ola bilər.

7. Hər bir müsəlmanın saleh əməllərinin mütləq şəkildə qəbul olunduğunu etiqad etmək. Həqiqətdə isə səhih olan əməlin qəbul olunduğunu ümid etməkdir.

Bu sadalananlar murciələrin ən əsas azğınlıqlarındandır.

Murciələr öz aralarında üç qrupa bölünürlər:

Birinci qrup - imanın yalnız qəlbdə (yəni, etiqadda) olduğunu iddia edirlər. Onları həmçinin, “Cəhmiyyələr” də adlandırırlar.

İkinci qrup - yalnız sözü imana daxil edirlər. Bu tərifi imana yalnız “Qaramita” adlanan bir firqə verir.

Üçüncü qrup - imana yalnız sözü və əməli daxil edərək, imanın nə artdığını, nə də azaldığını iddia edirlər.

İlk iki qrup – cəhmiyyələr və qaramitalar – “Ğulətul-Murciə” – “ifrata varmış Murciələr” adlandırılmışlar.

Üçüncü qrup isə orta yönlü murciələrdir. 

Şeyx Muhəmməd Səid Raslən (Allah onu qorusun) buyurur: “Əhli Sünnəyə müxalif olanlar, murciələrə yalnız iki fərqli xüsusiyyət mənsub ediblər ki bunlar da:

1. Allahın hökmü ilə hökm verməyən hakimi təkfir etməmək.

2. Namazı tərk edəni, hətta səhlənkarlıqdan və ya tənbəllikdən tərk etsə belə kafir görməmək”.

Şeyx Muhəmməd Səid Raslən (Allah onu qorusun) öz xütbəsində buyurur: “Əgər sən bu iki şeyə görə insanı təkfir etsən, o zaman Əhli Sünnənin düşmənləri səni murciə saymayacaqlar!” (“Səvəiq əl-Mursələ alə Əhlil-İrcə” 44).

Əhli-Sünnə aşağıda sadalanacaq fikirlərin murciələrlə heç bir əlaqəsi olmadığını etiqad edir:

1. “Əməllər imana daxildir!” – deyən kəs murciə deyildir!

İmam İbnul-Mubərakdan (Allah ona rəhm etsin) “Sən Murciələrin rəyindən tutunursan?”– deyə soruşduqda, o dedi: “Mən, sözün və əməllərin imana daxil olmasını iddia etdiyim halda, necə murciə ola bilərəm?!” (əl-Xalləl “əs-Sunnə” 964).

2. İmanın artıb azaldığını iddia edən kəs murciə deyildir!

İmam ibnul-Mubərak (Allah ona rəhm etsin) buyurur: “İmanın söz və əməl olduğunu və həmçinin imanın artıb azaldığını deyən birisi murciəlikdən qurtulmuşdur!” (“Tabəqat əl-Hənəbilə” 2/40).

İsmail ibn Səid (Allah ona rəhm etsin) deyir: “Mən İmam Əhməddən imanın artıb azalmasını iddia edən kəs haqqında soruşduqda, o belə dedi: “Belə bir kəsin murciəliklə heç bir əlaqəsi yoxdur!” (Abdullah ibn Əhməd “əs-Sunnə” 1/307; əl-Xalləl “əs-Sunnə” 3/581).

İmam əl-Bərbəhəri (Allah ona rəhm etsin) buyurub: “İmanın sözlər və əməllər olduğunu və artıb azaldığını iddia edən bir kəs, tamamilə murciəlikdən xilas olmuşdur!” (“Şərhus-Sunnə” 67).

Hafiz ibn Həcər İbn Həzmin (Allah onlara rəhm etsin) belə dediyini nəql edir: “İbadətin imandan olduğunu və imanın artıb azaldığını deyən, iman gətirən bir kəsi günaha görə küfrdə ittiham etməyən və onun əbədi Cəhənnəmdə yanacağını iddia etməyən birisi, başqa sözlərdə murciələrə müvafiq olsa belə, o kəs murciə deyildir!” (“Fəth əl-Bari” 7/153).

3. Küfrün sözdə, əməldə və etiqadda olduğunu iddia edən bir kəs murciə deyil!

4. Günahların imana xələl gətirdiyini iddia edən bir kəs murciə deyil!

5. Özünün mütləq olaraq mönim olduğunu iddia etməyərək, “Mən yalnız əhkamlara görə möminəm” və ya “Mən in şəə Allah möminəm” deyən kəs murciə deyil!

Beləliklə bizdə, sələflərin sözlərindən götürülmüş murciələrin və Əhli-Sünnə alimlərinin ittifaq etdiyi murciəliklə heç bir əlaqəsi olmayanların xüsusiyyətlər mövcuddur.

Həmçinin bəzi xüsusiyyətlər də vardır ki, Əhli-Sünnə imamlarından heç kəsin bunu murciəliyə mənsub etməməsinə baxmayaraq indiki zamanda o xüsusiyyətləri murciələrə nisbət edirlər. Bunlar da, namazı tənbəllik səbəbi ilə tərk edəni kafir görməmək, həmçinin Allahın hökmü ilə hökm verməyəni kafir adlandırmamaq və digər məsələlərdir. Ubeyd əl-Cəbiri (Allah onu qorusun) nə gözəl söyləmişdir: “Bu günümüzdə isə, sən namaz qılmayana kafir deməsən, murciə olacaqsan! Lakin əslində bu azğınlıq və murciəlik məsələlərində cahillikdir!” (“Dərsu Əqıdətus-Sələf” səsli yazıdan).

Şeyx İbn Bəzzi, əl-Albanini və Şeyx İbn əl-Useymini (Allah onlara rəhm etsin) bəzi cahillərin bu əsrin murciələri hesab etmələrini də misal kimi göstərmək olar. Səbəb isə, onların, Allahın hökmü ilə hökm verməməyi kiçik küfrə nisbət etmələri idi.

Şeyx Albani (Allah ona rəhm etsin) onu murciəlikdə ittiham edən Səfər əl-Həvəli haqqında yazırdı: “Baxmayaraq ki, o özü bilirdi ki, mən murciələrə hətta ən kiçik məsələlərdə belə müxalifəm, yenə də, məni (murciəlikdə) ittiham edirdi. Mən deyirəm ki, iman artıb azalır və yaxşı əməllər də imandandır. Deyirəm ki, “Mən in şəə Allah möminəm” demək icazəlidir. Bunların hamısı da, murciələrin iddialarına müxalifdir, lakin bunlara baxmayaraq, o məni bir neçə dəfə murciəlikdə ittiham etdi. Mən deyərdim ki, bu günümüz dünənimizə necə də bənzəyir. Bir gün bir nəfər İbn əl-Mubərakə (Allah ona rəhm etsin) belə bir sual ilə muraciət etdi: “Zina edib şərab içən haqqında nə deyə bilərsən? Belə bir kəs, iman gətirmiş sayılırmı?” İbn əl-Mubərak belə dedi: “Mən onu imandan çıxartmıram”. Sual verən: “Bu qoca yaşda sən murciə oldun!”- dedikdə, İbn əl-Mubərak belə cavab verdi: “Həqiqətən murciələr mənim dediyimi demirlər. Mən deyirəm ki, iman artıb azalır, murciələr isə deyir: “Bu belə deyil!” Onlar (Murciələr) iddia edirlər ki, onların yaxşı əməlləri qəbul olunur, mən isə bilmirəm mənim əməllərim qəbul olunur yoxsa yox! Sənin isə əlinə lövhə alıb alimlərin yanında oturmağa (onlardan elm almağa) ehtiyacın var”. (“əs-Silsilətul-Əhədisis-Sahihə” 7/153).

Şeyx Abdul-Lətıf ibn Abdur-Rahmən Əli Şeyx (Allah onu qorusun) buyurur: “Əhli-Sunnə arasında zahiri əməlləri tərk edənin hökmü barəsində – bu kəsin kafir olub, olmaması haqda- ixtilaf vardır!” (“əd-Durarus-Səniyə” 1/479).

İməm Əbul-Fədl əs-Səksəki (Allah ona rəhm etsin) demişdir: “Namazı tənbəllik səbəbilə tərk edən şəxs müsəlmandır ki, bu da məzhəbdə olan ən doğru rəydir. Lakin, mənsurilər Əhli-Sunnəni bu rəyə görə Murciə adlandıraraq belə deyirlər: “Onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər!” (“əl-Burhan” 35).

Alimləri murciəlikdə ittiham edən kəslərin əksəriyyəti, özləri murciəliyin xüsusiyyətləri altına düşürlər. Abdur-Rahmən ibn Məhdi belə deyib: “İrcanın ilk təzahürü – istisnaların tərk olunmasıdır”. (əl-Xalləl “əs-Sunnə” 3/598)

Xavariclər murciələrdir

Həmçinin murciələrin daha bir xüsusiyyətindən söhbət açmaq istərdik ki, bu da – müsəlmanların başçısına qarşı çıxmaqdır! Murciələr təkfir məsələsində xavariclərə müxalif olsalar da, müsəlmanların başçısına qarşı çıxmaq məsələsində xavariclərlə həmrəydirlər. Murciələrin nə üçün insanları hakimə qarşı çıxmağa çağırmasını Allah bilir, lakin biz bilirik ki, sələfilər bu xüsusiyyəti murciələrə mənsub edərək, müsəlmanların başçısına qarşı çıxanlara murciə deyirdilər.

Sufyən ibn Uyeynə və əl-Əuzai (Allah onlara rəhm etsin) demişlər: “Həqiqətən murciələr insanları hakimə qarşı çıxmağa səsləyirlər!” (“əs-Sunnə” 1/218/368).

İbn əl-Mubərakdan, onun murciə olması haqqında soruşduqda, o belə cavab verdi: “Mən necə murciə ola bilərəm ki, mən müsəlmanların başçısına qarşı çıxmağı icazəli görmürəm?!” (İbn Şahin “Kitəbul-Lətıf” 17).

İməm Əhməd (Allah ona rəhm etsin) buyurmuşdur: “Həqiqətən xavariclər murciədirlər”. (“əs-Sunnə” 74).

Məhz bu səbəblərə görə də, murciəliyə kimin daha yaxın olmasına bir daha nəzər yetirmək lazımdır.