Şəriətdə hansı məsələlərdə susmaq icazəlidir?

Sual: 
Assalamu aleykum. Allah elminizə bərəkət versin. Şəriətlə bağlı suallarda bilirik ki, susmaq icazəli deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm)deyib ki: “Kimdən bir məsələ (elm) haqda sual soruşsalar, o da (bilə-bilə) gizlədib cavab verməzsə (bildiyi halda deməyib gizlədərsə), (qiyamət günü) onun ağzına oddan yüyən taxılar”. (Tirmizi, Əbu Davud) Uca Allah buyurur: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!" (əl-Bəqərə, 159) Lakin Bəzi ikiüzlü dəvətçilər müsəlmanların elmi zəifliyindən istifadə edərək, təlbis (hiylə) edərək onlara şəriətlə bağlı suallar verdikdə deyirlər Susuruq, siz də Susun və bununla da müsəlmanları çaşqınlığa salaraq qəlblərinə şübhə salırlar. Sual ondan ibarətdir ki, şəriətdə hansı məsələlərdə Susmaq caizdir. ALlah sizləri qorusun, razı qalsın. Amin.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullah. Şəriətdə bəzi hallarda susmağa icazə verilmişdir, məsələn, bakirə qızdan ərə getməyə razı olub-olmadığını soruşanda, o susur. Bu da razılıq əlamətidir. Amma fitnə vaxtı elm əhlinin susması -- həmin fitnənin yayılmasına göz yummaq deməkdir. Belə susmaq və camaatı daha da böyük şübhələrə salmaq icazəli deyil, qadağandır. Günümüzdə olan hadisələrdə əksinə, danışmaq lazımdır ki, camaat nə baş verdiyini bilsin və şübhədə qalmasın. Çünki, susanda zənlər və cürbəcür şübhələr başlayır. Əgər bir dənə zənn idisə, susmaq nəticəsində on zənn olur. Nəticə etibarilə insanlar azırlar. Belə hallarda məsələlərə aydınlıq gətirmək, danışmaq lazımdır. Əksinə, bu kimi hallarda susmaq özü fitnədir.