Cəhmiyyələr haqqında

English

Cəhmiyyələr İslama nisbət olunan firqələrdən biridir. Cəhmiyyələr - Cəhm ibn Safvanın batil əqidəsinə tabe olan azmış bir tayfadır. Cəhm ibn Safvan hicrətin ikinci əsrində Xorasanda yaşamış, Quranın məxluq olmasını və Allahın sifətlərini inkar edən ilk şəxsdir. Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Allahın sifətlərini inkar etməyin əsli yəhudilərə, sabiilərə, müşriklərə və azmış fəlsəfəçilərə qayıdır. Onlardan ən birinci bu sözü öyrənən istavanın (istavlə) mənasını verdiyini deyən və bu yozumu da ilk olaraq Cəd ibn Dirhəm ortaya çıxarmışdır. Cəhm ibn Safvan isə ondan qidalanmış, bunu izhar etmiş və Cəhmiyyəlik də ona nisbət olunmuşdur. Hətta deyilir ki, Cəd bu yozumu (Allahın Sifətlərini inkar etməyi) Əbən ibn Səmandan, o da (Əbən) Ləbid ibn Asamın bacısı oğlu Talutdan,Talut da onu Allah Rasulunu (salləllahu aleyhi və səlləm) sehr edən Ləbid ibn Əsamdan götürmüşdür".

(Fətava Həməviyya Kubra, səh. 24).

Cəhmiyyələrin Etiqadları

1. Tövhiddə məzhəbləri - Allahın Ad və Sifətlərini inkar etmək və Allahın Adlarına məcaz verməkdir.

2. Qədər məsələsində Cəbəri (Cəbərilər o kimsələrdir ki, deyirlər: "İnsan məcburdur və onun heç bir istəyi və ixtiyarı yoxdur"), İman məsələsində isə Murciyədilər. 

3. Axirət gününə aid olan çox şeyi inkar edirlər. (Məsələn: Sirat, Mizan, Allahı görmək, Qəbr əzabı və s.) 

4. Allahın Kəlamını inkar edirlər və deyirlər ki, Quran məxluqdur, Allahın Kəlamı deyil. 

5. İman sadəcə Allahı tanımaqdır və Onu qəlblə təsdiqləməkdir. 

6. Allahın Ucada olmasını inkar edirlər.

7. Allah Zati ilə yaxındır və O, hər kəsin zatı ilə bərabərdir.

İmam Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) onun haqqında demişdir: "Cəhm və onun tərəfdarları insanları Quranı və Sünnəni məxluqun kəlamına oxşatmağa çağırırlar, özləri azmış və bu sözləri ilə çox insanları azdırmışlar. Bizə çatana görə Allahın düşməni Cəhm Xorasanın Tirmiz vilayətindəndir. O, kəlamçı və çox mübahisəçi insandır". ("Cəhmiyyələr və zındıqlara rəddiyyə" səh. 23).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Cəhmiyyələr Allahın ad və sifətlərini inkar edirlər. Onlara görə Allah yaratdıqlarının xüsusiyyətləriylə xüsusiyyətlənməz, çünki bu vəziyyətdə insan Allaha bənzədilmiş olur. Buna görə, Allahın bütün sifətlərini rədd etmişlər. Həmçinin, Allahın axirətdə görülməyəcəyini, Allahın elm, qüdrət, kəlam sifətlərinin olmadığını, aləmin üstündə olmadığını, ərşin üstündə bir ilah olmadığı, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Meraca çıxmadığını, heç bir şeyin Ona (Allaha) qalxmayacağını, duada əlləri Ona açmağın düz olmadığını, heç kimsənin Allaha yaxınlaşa bilməyəcəyini, iradə və məhəbbət kimi sifətlərinin olmadığını iddia etmişlər. Bu fikirlərini tövhidin bir gərəyi olmasına əsaslandırıblar. Onların, sifətləri isbat edənləri də Muşəbbihə olaraq adlandırmasının səbəbi də budur". ("Məcmuul-Fətava" 3/ 99; 4/ 58-61).

Başqa bir yerdə İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Buradan Cəhm ibn Safvanın və onun ardıcıllarının sözlərinin xətalı olması bəlli olur. Onlar elə zənn etmişlər ki, iman yalnız qəlbin bilməsi və təsdiqidir. Lakin, qəlbin əməllərini imandan saymamışlar". ("Məcmuul-Fətava" 7/ 188-189).

Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Cəhm (ibn Safvan) və ona müvafiq olanlar belə iddia etmişlər ki, "həqiqətən, insan batinində belə mömin olur. Sadəcə qəlbin bilməsi və təsdiq etməsi kifayətdir ki, o insan mömin olsun. Bunu bilən üçün Qiyamət günü savab vardır. Hətta bu insanın zahiri əməli olmasa belə". Şübhəsiz bu şəri və məntiqi cəhətdən batildir". ("Məcmuul-Fətava" 14/ 121).