Nəyə görə bəzilərindən mənhəc barəsində soruşanda cavab verməkdən yayınırlar?
700 oxunma
Sual:
Assalamu aleykum. Suallari ətraflı cavablandırdığınız üçün Allah razı olsun sizdən. Allah elminizə bərəkət versin. Amin.
Sual: Bidət əhlinin gətirdikləri şübhələrdən biri də odur ki, onlara mənhəc və ya əqidə ilə bağlı sual verdikdə insanları bu cavabdan yayındıraraq bunun doğru yolda sabit qalmaqla heç bir əlaqəsi olmadığı deyirlər. Və təlqin edirlər ki, sən yalnız ibadət et. Axirətinə hazırlaş. Məgər axirətdə ilk sorumumuz haqq yolda olub-olmamağımızla bağlı olmayacaqmı və ya Peyğəmbər daim sabit qalmaq üçün dua etməmişdirmi? Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəvariclər haqqında demişdir ki, onlar sizdən çox ibadət edəcək, sizdən çox Quran oxuyub, namaz qılacaqlar və s. Bununle belə onları cəhənnəm köpəkləri adlandırmışdır.
Cavab:
Va aleykumus-Sələm va rahmətullah. Uca Allah insanları və cinləri Özünə ibadət üçün yaradıb: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
İnsanlara dində bilmədikləri məsələləri bilənlərdən soruşmağı əmr edib: "Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun".(ən-Nəhl, 43; əl-Ənbiya, 7).
Bilənlərə isə dini insanlara olduğu kimi çatdırmağı və haqdan heç bir şeyi gizlətməməyi əmr edib. Əksinə, gizlədənlərə Allahın, mələklərin və insanların lənətini yağdırıb: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!" (əl-Bəqərə, 159-160).
Buna görə də sualda olduğu kimi əqidə və mənhəclə suallara cavab verməmək icazəli deyildir. Əksinə bu öz batil mənhəclərini gizlədən bir çox həva əhlinin, hizbilərin və bidətçilərin yoludur. Amma bu məqamda demək ki, "sən ibadətlə məşğul ol", bu söz haqdır, lakin bununla batil qəsd olunur. Çünki ibadət yalnız gündəlik namaz və zikrlərdən ibarət deyildir. İbadətə həmçinin də dinin bütün macallarında haqla batili, haqq əhli ilə batil əhlinin arasını ayırd etmək, onları tanımaq da daxildir. Batili və batil əhlini insanlara tanıtmayan iki nəfərdən biri sayılır: ya onları tanımır, ya da onlarla bir səfdə durub, onları dəstəkləyir. Allah və Onun Rasulu (salləllahu aleyhi və səlləm) bizə batili və batil əhlini tanıtmış, sələflərimiz və bu günümüzədək onların yolunda olan din və sünnə imamları da daim bu mənhəc üzərində getmişlər. Bu zikr etdiyimiz mənhəci xoşlamayan bidət əhlindən başqası deyildir.
Amma demək ki, "bunun doğru yolda olmaqla heç bir əlaqəsi yoxdur", bu kəlmə də əvvəlki kimi batildir. Əgər müsəlmanlar haqla batili, haqq əhli ilə batil əhlini tanımazlarsa, kimdən gəldi, nə gəldi götürərlərsə, onda hansı doğru yoldan söz gedə bilər?! Sələflər deyərdilər: "Elm sizin dininizdir, baxın dininizi kimdən alırsınız". Bu söz sələfi mənhəcinin şüarına çevrildi.
Uca Allah doğru yolda olmayıb, salehləri özünə dost tutmayıb, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan çıxan zalım barədə xəbər verərək deyir: "Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurur: "Kişi dostunun dinindədir, sizlərdən biri baxsın kimlə dostluq edir". (Əbu Davud, 4832).
Mövzular: