Cərh və təhziri yalnız alimlər etməlidir?

Sual: 
Assalamu aleykum va rahmatullah Mumeyyiler bele shubhe getirirler ki cerh ve tehziri yalniz alimler beziler deyir boyuk alimler ede bilerler. Ona gore Azerbaycan ve diger yerlerde alim olmadigi ucun elm telebelerinin kimdense cekindirmeye haqqi catmir. Bu shubheye cavab vererdiniz
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Əgər bir yerdə sələfi alimlər yoxdursa, lakin sələfi elm tələbələri varsa və həmin yerdə də şirk, küfr, bidət və ya xürafatlar yayılırsa, buna dəvət edənlər varsa, bu zəlalətlərdən və ya bunlara çağıranlardan çəkindirmək üçün alim olmaq şərt deyildir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali-İmran, 104)

Həmçinin, bir hədisdə deyilir: "Sizdən biriniz münkər bir işi görərsə, onu əli ilə dəyişsin. Bunu bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 186).

Əksinə, bunu bacaran kəslər bu vacibi yerinə yetirməzlərsə, əzabın hamıya gəlmək təhlükəsi vardır. Uca Allah buyurur: "Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər)". (əl-Ənfal, 25).

Həmçinin, Uca Allah İsrail övladlarından kafir olanların Davud və İsa peyğəmbərlərin dili ilə lənətləndiyinin səbəblərini sadaladıqda buyurur: "Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər". (əl-Maidə, 79).

Həmçinin, Allahın nazil etdiyi haqqı bilib gizlədənlər barəsində buyurur: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!" (əl-Bəqərə,159- 160).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir: "Canım əlində olana and olsun ki, ya mütləq olaraq yaxşını əmr edib, pislikdən çəkindirəcəksiniz, ya da az qalır ki, Allah Özündən sizə bir əzab göndərsin, sonra da siz (əzabın qaldırılması üçün) dua edəsiniz, lakin sizə cavab verilməsin". ("Sahihul-Cəmi" 6947).

Həmçinin, elm əhli bu məqamda deyirlər ki, "əgər münkər açıq aydın bilinən işlərdəndirsə, bunu bütün müsəlmanlar inkar edə bilər. Yox əgər dəqiq, incə, ictihada ethiyacı olan işlərdəndirsə, bu halda cərh alimlər tərəfindən baş verməlidir, burada avam kəslərə yer yoxdur". 

Əgər bir yerdə kimlərsə xavariclərin rəylərinə - müsəlmnaları təkfir etməyə, müsəlman hakimlərə qarşı çıxmağa, partlayışlara, terrora, alimləri söyməyə dəvət edər, irca fikirlərinə - əmr və qadağanlarda səhlənkarlıqlar etməyə, dini dağıtmağa dəvət edər, rafizi bidətlərinə - səhabələri söyməyə, Aişə anamıza dil uzadarsa, imamların qeybi bilməsinə, əlimizdəki Quranın həqiqi Quran olmadığına və ya sufilərin bidətlərinə - mövludlar keçirməyə, hocalara ibadətə və ya bütün qəbirpərəstlərin zəlalətlərinə - qəbirlərə ibadətə, ölülərə dua etməyə, onlar üçün qurbanlar kəsməyə, nəzirlər verməyə və sairə saysız-hesabsız zəlalətlərə dəvət edənlər olarsa, bu fikirlərdən və bu fikirləri daşıyanlardan çəkindirmək üçün alim olmaq, şeyx olmaq şərt deyildir. Bu zəlalətləri bilənlərin hamısı əvvəldə keçən dəlillərə əsasən bunlardan və bunların dəvətçilərindən çəkindirməlidirlər. Allah daha doğru biləndir.