İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?

English

Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir.

Sual: Biz bilirik ki, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) rəhbərlərə itaətə təşviq edən hədisləri vardır. Bəziləri deyirlər ki, “bu hədislər keçmişdə yaşamış rəhbərlərə aiddir, indiki rəhbərlərə aid deyildir”.

Cavab: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisləri Qiyamət gününə qədər olan vaxtı əhatə edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədisdə deyib ki, “məndən sonra yaşayanınız çoxlu ixtilaf görəcəkdir. Bu halda siz mənim və raşidi xəlifələrimin sünnəsindən tutunun (dediklərinə itaət edin)... Mən sizə Allahdan qorxmağı, eşidib itaət etməyi əmr edirəm” (İbn Macə, 43. əl-Albani səhih olduğunu bildirmişdir).

Deyilənlər keçmiş zamana deyil, Qiyamət gününə qədər olan vaxtda bütün ümmətə şamildir. Çünki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) şəriəti, ümumiyyətlə Quran və Sünnədən olan bütün dəlillər Qiyamət gününə qədər olan hər vaxta şamildir. Kim bu əhkamları vaxta görə fərqləndirirsə, ya cahildir, ya da insanları azdıran. Belə insan şəriəti naqislikdə və keçmişə aid olmaqda ittiham etmiş olur. Hicrət yurdunun (Mədinə şəhərinin) imamı Malik ibn Ənəs (Allah ona rəhm etsin) demişdir: “Bu ümmətin əvvəli nə ilə islah olunmuşdusa, sonu da onunla islah olunacaqdır.” (Qazi İyad “əş-Şifa” 2/ 88). Ümmətin əvvəlini islah edən amil isə Quran və Sünnədir.