Sələflərin “əməlsiz söz fayda vermir”, “əməlin olmasa düz yolda ola bilməzsən” və s. sözləri ilə gətirilən şübhələr

English

İddia edərək şübhə atılır ki, “sələflərin bir çox sözləri var ki, deyiblər; “əməlsiz iman yoxdur”, “əməlsiz söz fayda vermir”, “əməlin olmasa düz yolda ola bilməzsən”, “əməl olmasa mükafat yoxdur” və ya “əməlin olmasa səndən heç nə qəbul olunmayacaq” və s.

Şübhəyə cavab: 

Bu mövzuya toxunmadan əvvəl bunu qeyd edək ki, əməl imanın əsas göstəricisi və səmimiyyət işarəsidir. Həyatda hər bir şey isbat istədiyi kimi iman da isbat istəyir. Amma bütün dillərdə olduğu kimi ərəb dilində də bir şeyin kamilliyini tərk edənlər yerli-dibli tərk etmiş olaraq vəsfləndirilir.

Bu üslubun hikməti isə bütün dillərdə olduğu kimi ərəb dilində də insanın günaha yaxınlaşmaması üçün bu haldan kökündən çəkindirilir. Bu üslubda qəsd “günaha yaxınlaşmağın qarşısının alınmasıdır”, Bununla qeyd olunan əməlin nə qədər pis bir əməl olduğu, insana yaraşmayan bir sifət olduğu nəzərdə tutulur. Belə bir üslublardan qəsd bir şeyi kökündən ləğv etmək mənasını daşımır.

Ərəb dilindən misallar; Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Kim Allaha və Axirət gününə inanırsa ya xeyir danışsın, ya da susun”. (Muslim, 176). Bu o demək deyil ki, qeybət edən və yaxud yalan danışan Allaha və Axirət gününə inanmır. Əksinə burda nəzərdə tutulan iman kamil imandır. Həmin hədisdə deyilir: “Kim Allaha və Axirət gününə inanırsa, qonağına hörmət etsin”. (Muslim, 176). Burda da həmçinin.

Həmçinin, başqa bir hədisdə buyurur: “Əhdinə vəfa çıxmayanın imanı yoxdur, əmanəti qorumayanın dini yoxdur”. (Əhməd, 3/ 210, 154, 135).  Bu hədisdə də əhdinə vəfa çıxmayanın kafir olduğu deyilmir. Əmanəti qorumağın və əhdə vəfa çıxmağın imanın kamilliyindən olduğu bildirilmişdir. Hədislərdən və ərəb ədəbiyyatından belə misalları çox çəkmək olar.

Azərbaycan dilinə gəldikdə isə bir ananın çox sevdiyi övladına ”Sənsiz həyat yoxdur” deməsi, övladının onun üçün nə qədər dəyərli olduğunu kəsb edir. Həyatdan ala biləcəyi rahatlığın ancaq övladının varlığı ilə kamilləşdiyini kəsb edir, həyatın bitdiyini bildirmir.

İnsani dəyərlərdən uzaq olan kimsəyə “Sən insan deyilsən” demək, onu insan edən əxlaqi sifətlərdən uzaq olduğunu bildirir, Adəm övladı olmaqdan çıxarmır.

Müsəlman qardaşından pislik görən insanın öz qardaşına “sən mənim qardaşım deyilsən” deməsi, qardaşlıq münasibətlərini yaxşı şəkildə yerinə yetirməməsindəndir. Onu İslamdan, qardaşlıqdan çıxartmaqdan irəli gəlmir.

Köhnə, yararsız, uçulmaq üzrə olan bir evə “buna ev demək olmaz” kimi ifadələrin işlədilməsi, həmin evin nə qədər pis bir vəziyyətdə olduğunu bildirir.

Uzun illər yataq xəstəsi olan, bütün hissiyatları ölən, hətta süni nəfəslə yaşayan bir insana “buna diri demək olmaz” kimi ifadələrin işlənməsi, o insanın ölmüş olduğunu bildirmir.

Sələflərin də ”əməlsiz iman yoxdur” sözləri, ümumi sözlərdir. Yəni, bu o demək deyil ki, əməl olmasa insan kafirdir? Bu sözlər o deməkdir ki, əməlsiz iman naqis olur. Necə ki, Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Biriniz özü üçün istədi­yini (mü­­səl­man) qardaşı üçün istəmədikcə, (tam şəkil­də) iman etmiş olmaz”. (əl-Buxari, 13). Əgər belə başa düşənlərin məntiqi ilə yanaşsaq, o zaman belə çıxır ki, özünə istədiyini qardaşına istəməyən kafirdir. Lakin belə deyildir. Burada məqsəd odur ki, iman kamil olmaz. 

Mövzular: