“Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir" ayəsinə gətirilən şübhə

English

“Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir" ayəsindəki küfr, dindən çıxaran küfrdür.

Şübhəyə cavab: 

Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.

Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.

Bu fikrin batil olduğunu Əhli-Sünnənin böyük alimlərinin sözləri təsdiq edir.

Qeyd edək ki, bu ayəni təfsir edən İbn Abbas (Allah ondan razı olsun) haqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) dua etmişdir:

Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) məni bağ­rına basıb dedi: “Allahım, ona hikmət öyrət!” Digər rəvayətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahım, ona Kitabı (Quranı) öyrət!” (əl-Buxari, 3756).

Bir başqa rə­vayətdə İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayaqyoluna girdi və mən onun üçün su qoy­dum. (Ayaqyolundan çıxdıqdan sonra) Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Bunu kim qoydu?”– deyə soruşdu. Ona (bu haqda) xəbər verildikdə o, dedi: “Allahım, dini başa düşməyi ona müyəs­sər et!” (əl-Buxari, 143).

Diqqət edin! Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dua etdiyi İbn Abbas (Allah ondan razı olsun) bu ayə haqda nə deyib:

Əli ibn Əbu Talhə (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Maidə surəsinin 44-cü ayəsi haqqında belə buyurdu: “Kim Allahın endirdiyini inkar edərsə, artıq küfr etmiş olur. Kim Allahın endirdiyini iqrar edərsə, lakin onunla hökm verməzsə - zalım və ya fasiq olar”. (ət-Tabəri “Təfsir”, 6/ 166; əl-Albani həsən olduğunu bildirmişdir).

Tavus (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”- ayəsi haqqında belə dedi: “Bu sizin başa düşdüyünüz böyük küfr deyil”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 574; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114).

Digər rəvayətdə buyurur: “Ayədə qəsd olunan küfr, insanı İslamdan çıxarmayan küfrdür”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 575; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114).

Başqa bir rəvayətdə isə belə buyurur: “Orada olan küfr Allaha, mələklərinə, kitablarına, Rəsullarına olan küfr kimi deyildir". (Yəni, İslamdan çıxartmayan küfrdür). (İmam Mərvazi “Təazimu Qadrus-Saləh”, 2/ 521, 570. İsnadı səhihdir).

Ata ibn Rabah (Allah ona rəhm etsin) buyurur: “Ayədə keçən küfr böyük küfr deyil”. İbn Kəsir (Allah ona rəhm etsin) buyurur: “Bu, iki şeyxin (əl-Buxari və Muslimin) şərtlərinə görə səhihdir. (“Təfsir”, 2/ 64).

Bu İbn Abbasın (Allah ondan razı olsun) əl-Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdir. Bəziləri bu əsərlərin zəif olduğunu iddia etdikləri üçün alimlərin bu əsərlər haqqında fikirlərini qeyd edirik. Alimlər bu əsərlərin səhih və hüccət olduğunu qeyd etmişdir. Məsələn,

İbn Useymin (Allah ona rəhm etsin) öz kitabında buyurur: “Bu əsər təkfir camaatının xoşuna gəlmədiyinə görə onlar dedilər: “Bu əsər məqbul deyil və İbn Abbasdan sabit olmamışdır”. Onlara deyilir: “Sizdən böyüklər, sizdən fəzilətlilər və sizdən hədis elmini daha çox bilənlər bu əsərləri qəbul ediblərsə, bu əsərlər necə səhih olmaya bilər. Siz isə deyirsiniz ki, bu əsərlər məqbul sayılmır. İbn Teymiyyə, İbn Qeyyim və başqa ən böyük alimlərin bu əsərləri qəbul etmələri, bu əsərlərdən istifadə etmələri və bu əsərləri rəvayət etmələri bizə kifayətdir. Odur ki, bu əsərlər səhihdir”. (ət-Təhzir min Fitnətit-Təkfir, 368).

Əhli-Sünnə alimlərinin Allahın hökmü ilə hökm verməyənin hökmü barəsində sözləri:

1. İmam Əhməd ibn Hənbəl

İsmayıl ibn Səad buyurur: “İmam Əhməddən “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”- ayəsi haqda soruşaraq dedim: “Bu ayədə hansı küfr qəsd edilir?” İmam Əhməd buyurdu: “Ayədə sadalanan küfr İslamdan çıxartmayan küfrdür”. Digər rəvayətlərdə bu ayə haqda soruşulduqda İmam Əhməd dedi: “Orada olan küfr İslamdan çıxartmayan küfrdür”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 7/254; İbn əl-Qeyyim “Hukmu Tarikus-Salət” 59-60).

İmam Əhməddən (Allah ona rəhm etsin) bu ayədə deyilən küfr haqda soruşduqda belə cavab vermişdir: "Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir. İmanın mərtəbələrinin biri digərindən aşağı olduğu kimi, küfrün də mərtəbələri elədir. Belə adam yalnız bir halda - bu hökmü halal görərsə - o zaman deyilənlər ona tətbiq olunar". (Əbu Davud əs-Sicistani "Sualat" səh. 114; İbn Teymiyyə "Məcmuul-Fətava", 7/254; İbn əl-Qeyyim "Hukmu Tərikus-Salət" səh: 59-60; İbn Batta "əl-İbanə" 2 723, "Sahibini İslamdan çıxarmayan günahlar" fəsli). 

2. Muhəmməd ibn Nəsr əl-Mərvazi

İmam Mərvazi (Allah ona rəhm etsin) buyurur: “Bu məsələdə bizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən və tabiinlərdən gözəl nümunə vardır. Onlar küfrü: “İslamdan çıxaran küfr” və “İslamdan çıxarmayan küfr” olmaqla iki yerə bölmüşdürlər. Misal olaraq, İbn Abbasın (Allah ondan razı olsun) bu ayə haqda dediyi söz kimi; İbn Abbas (Allah ondan razı olsun) buyurur: “Bu ayədə olan küfr İslamdan çıxartmayan küfrdür”. ( Təazimu Qadrus-Saləh, 2/520).

3. İbn Bətta

İbn Bətta (Allah ona rəhm etsin) İslamdan çıxartmayan küfr haqqında danışarkən, bu mövzunun altına Allahın hökmü ilə hökm verməyəni daxil etmişdir. Həmçinin bu barədə səhabələrdən və tabiinlərdən gələn əsərləri zikr etmiş və bildirmişdir ki, kiçik küfr İslamdan çıxartmayan küfrdür. (əl-İbənə, 2/723).

4. İbn Əbil-İzz əl-Hənəfi

İbn Əbil-İzz (Allah ona rəhm etsin) belə buyurur: “Allahın endirdiyi ilə hökm verməmək, bəzən dindən çıxardır, bəzən böyük günah olur və ya bəzən kiçik günah olur. Bəzən də, məcazi mənada küfr olur. Bu, hökm verənin halından aslıdır və ona görə fərqlənir. Əgər həmin hökm verən kəs, etiqad edərsə ki, Allahın hökmü ilə hökm vermək vacib deyil, o bunda seçim sahibidir, istəsə belə edə bilər, istəsə də etməz və ya Allahın hökmü olduğunu yəqinliklə bildiyi halda onu alçaldarsa, bu ən böyük küfr etmək sayılır. Həmçinin, əgər həmin hökm verən kəs, Allahın hökmü ilə hökm verməyin vacib olduğunu etiqad edərsə, bunu praktiki şəkildə də bilərsə, amma buna əməl etmədiyinə görə cəzaya layiq olduğunu etiraf edərək ondan uzaq duraraq əməl etməzsə, belə kəs günah etmiş olur. Belə bir kəs məcazi şəkildə kafir və ya məcazi şəkildə küfr etmiş sayılır və ya kiçik küfr etmiş sayılır. Hətta, həmin şəxs o məsələdə Allahın hökmünü bilməsə də belə (belədir). Amma zəhmət çəkib axtararsa və hökmü bilmək üçün hər bir yöndən axtarıb hökm verməkdə xəta edərsə, belə biri xəta etmiş sayılır. Belə biri zəhmət çəkib çalışıb ictihad etdiyinə görə bir savab qazanmış olar və onun bu xətası ona bağışlanar”. (İbn Əbil-İzz “Təhavinin əqidəsinin şərhi” kitabı).

5. İbn Abdul-Bərr
 İbn Abdul-Bərr (Allah ona rəhm etsin) buyurur: "Alimlər Allahın hökmü ilə hökm verməyənin böyük günah sahibi olması haqda icma etmişlər. Bu barədə sələfilərdən qüvvətli əsərlər rəvayət olunmuşdur". (Təmhid, 5/74).

6. Əbu əl-Muzaffir əs-Səm’ani

Əbu əl-Muzaffir əs-Səmani (Allah ona rəhm etsin) buyurur: "Bil ki, Xəvariclər bu ayəyə əsaslanıb deyirlər ki, “Allahın hökmü ilə hökm verməyən kafirdir”. Əhli-Sünnə isə deyir ki, “hakim Allahın hökmü ilə hökm vermədiyinə görə təkfir olunmur”. (Təfsir, 2/42).

7. Şeyxul İsləm İbn Teymiyyə

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İbn Abbas və başqaları (Allahın hökmü ilə hökm verməyən kafirdir) ayəsi haqqında “Onlar insanı dindən çıxarmayan küfr etdilər”- demişdir. Eləcə də İmam Əhməd və Əhli-Sünnənin digər imamları da onların bu sözünə müvafiq olmuşlar”. (Məcmuul-Fətava, 7/312).

8. Siddiq Həsən Xan

Siddiq Həsən Xan (Allah ona rəhm etsin) buyurur: “Maidə sürəsinin 44-cü ayəsi Allahın hökmü ilə hökm verməyənləri küfrlə vəsfləndirir. Bu, Allahın hökmü ilə hökm verməyənlərin hər birinə aiddir, lakin bunu məcburiyyət halında edənlər, həmçinin halal görməyənlər üzrlüdür. Çünki bu qeydlər olmasa, yəni halal sayma qeydi olmasa, o zaman heç kim özünü küfrdən qurtara bilməz. (Yəni, insan halal saymadıqca küfrə düşmür)”. (əd-Dinul-Xalis, 3/305).

9. Şeyx Muhəmməd Nasiraddin əl-Albani

Şeyx Albani öz kitabında bu barədə etraflı danışmış və bu ayədəki küfrün İslamdan çıxarmayan küfr olduğunu bildirmişdir. (ət-Təhzir min Fitnətit-Təkfir, 56).

10. Abdul-Muhsin əl-Abbəd əl-Bədr

Şeyx Abbada belə bir sual verirlər: “Ey Şeyx, İslam şəriətini dəyişib əvəzində qoyulmuş uydurma qanunlarla hökm vermək özü özlüyündə küfrdür, yoxsa burada da istihlələ (yəni, halal görməyə) ehtiyac var? Qeyri hökmlər ilə bir dəfə hökm vermək ilə icazəli olmasına etiqad etmədən bütövlükdə şəriəti dəyişməkdə fərq varmı?”

Şeyx cavabında buyurur: “Xeyr, hökm verməkdə fərq yoxdur. İstər qeyri qanunlarla bir dəfə hökm ver, istər on dəfə ver, istər yüz dəfə, istər min dəfə və ya bundan az və ya bundan çox, burada fərq yoxdur. İnsan özünü xətakar sayarsa və onun etdiyi əməlin munkər bir əməl olduğunu bilərsə, bu İslamdan çıxartmayan küfrdür”. (“Sunən Əbu Davudun şərhi” dərsi)

11. Şeyx Muhəmməd İbn Salih əl-Useymin

Şeyx İbn əl-Useyminə bu haqda sual verdikdə, o bu cür cavab verir: “Əgər bir kişi Allahın hökmü ilə hökm verməli olduğunu bildiyi halda, nəfsi istəyinə tabe olaraq Allahın hökmü ilə hökm verməzsə, o kəs təkfir olunmur, lakin fasiq və zalım olur. Həmçinin, bir insan ümmətin o hökmlə gedəcəyi ümumi bir hökmlə hökm verərsə və ona elə gəlsə ki, bunu etmək ümumi faydaya daha uyuğundur, bu insan da təkfir olunmur. Çünki əksər hakimlər şəri elmdən cahildirlər və şəriətdən anlayışı olmayan hakimin alim olduğunu düşünür. Bununla da şəriətə müxalif hökm verilir. Əgər şəriətdən anlayışı olsa və buna baxmayaraq yenə o hökmlə hökm versə, və ya o hökmü insanların tabe olacağı bir qayda etsə, yəni öz uydurma qanunlarını ortalığa qoyub və bunu bir qayda edib və insanları da o qoyduğu qanuna tabe etdirirsə, biz o insanı təkfir edə bilmirik. Biz o kəsi təkfir edirik ki, o kəs qoyduğu qeyri hökmləri Allahın hökmündən üstün və ya ona bərabər sayır”. (“ət-Təhrir fil-Məsələtit-Təkfir” dərsi).

Şeyx İbn əl-Ueyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: “Quran və Sünnəyə əsasən hökm verməyən hakimə tabe olmaq vacibdirmi?”

Şeyx buyurur: “Əlhəmdulilləh. Hakim hətta Quran və Sünnə ilə hökm verməsə belə, Allaha və Rəsuluna (salləllahu aleyhi və səlləm) asilik olmayan məsələlərdə ona tabe olmaq zəruridir və buna görə ona (hakimə) qarşı mübarizə aparmaq da vacib deyildir. Hətta onun əməlləri küfr (dindən çıxaran böyük küfr) səviyyəsinə çatmadıqca, ona qarşı mübarizə aparmaq qadağandır. Əks təqdirdə isə ona qarşı gəlmək olar və belə olan təqdirdə müsəlmanların ona (hakimə) tabe olmasına onun heç bir haqqı yoxdur. Quran və Sünnə ilə verilməyən hökm yalnız iki halda küfr dərəcəsinə çata bilər:

1) Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) qanunlarından xəbərdar olmalı, bu barədə elmi olmalıdır. Əgər bu barədə məlumatsızdırsa, onda Quran və Sünnəyə müxalif olmasıyla küfr etmiş sayılmaz.

2) Onu (hakimi) Quran və Sünnə ilə verilməyən hökmü verməyə vadar edən etiqad o olsun ki, həqiqətən indiki dövr üçün Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) qanunları yararlı, məsləhət deyil və başqa qayda-qanunlar daha yaxşı və insanlar üçün daha faydalıdır. Deməli, bu iki şərt əsasında Quran və Sünnə ilə verilməyən hökmlər, islam millətindən çıxaran küfr sayıla bilər. Necə ki, Uca Allah buyurmuşdur: “...Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”. (əl-Maidə, 44). Belə olan halda hakimin hakimiyyəti batil, etibarsız sayılar və insanların ona tabe olmasında bunun üçün heç bir haqqı qalmaz. Həmçinin, ona qarşı mübarizə aparmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq vacib olar.

Ancaq Quran və Sünnə ilə hökm vermədiyi halda düşünsə, etiqad etsə ki, Allahın qanunları ilə hökm vermək vacibdir və insanlar üçün Allahın qayda-qanunları daha əlverişlidir, lakin öz nəfsi istəklərinə uyaraq, yaxud tabeçiliyində olan insanlara zülm etmək istəyi ilə Uca Allahın qanunları ilə hökm verilməsinə müxalif olarsa, bu zaman kafir sayılmaz. Belə olan halda o, ya fasiq, ya da zalım sayılar. Necə ki, Uca Allah buyurur: “...Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır”. (əl-Maidə, 45); “...Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir”. (əl-Maidə, 47). Belə halda hakimin hakimiyyəti etibarlı, davamedici sayılar, Allaha və Rəsuluna (salləllahu aleyhi və səlləm) asiliyə aparmayan məsələlərdə ona tabe olmaq vacib olar. Həmçinin, ona qarşı çıxmaq, mübarizə aparmaq və güc yolu ilə onu hakimiyyətdən uzaqlaşdırmaq qətiyyətlə olmaz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) hakimlərdə açıq-aydın küfr görmədikcə və bu barədə əlimizdə Uca Allahdan qəti bir dəlil olmadıqca, onlara qarşı çıxmağı qəti şəkildə qadağan etmişdir”. (İbn əl-Useymin “Məcmuul-Fətəva” 2/118).