"Ələm olan məsciddə namaz qılmaq olmaz" şübhəsi

English

Şübhə olaraq iddia edilir ki, “bəzi firqələrin ibadət etməyə gəldikləri məscidlərdə namaz qılmaq olmaz və qılınan namazlar səhih deyildir. Çünki, bu firqələr o məscidlərdə Allaha şərik qoşurlar, ələmi məscidə daxil edirlər və ya məsciddə yerləşdirirlər. Buna görə də Allahın evlərini tərk etmək lazımdır”.

Şübhəyə cavab: 

Məscidlər Allaha ibadət olunan, xüsusi hörmətə sahib olan yerlərdir və məscidlərin bəzəyi orada camaat namazı qılan mömin qullardır. Lakin son illərdə bəzi müsəlmanlar Allahın evlərindən uzaqlaşmasına səbəb olan müxtəlif şübhələrə düşmüşlər. Belə şübhələrə düşən müsəlman bilməlidir ki, əgər müşriklərin məbədlərində namaz qılmaq icazəlidirsə içində bəzən bəzi kimsələr tərəfindən bidət və küfrün edildiyi məscidlərdə namaz qılmaq isə heç bir sıxıntısız icazəli olmalıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hicrət edənə qədər Məkkədə on üç il qalmış və bu illər ərzində Kəbədə namaz qılmışdı. Halbuki, Məkkə müşriklərinin idarəsi altında olduqda Kəbənin içində, üstündə və ətrafında bütlər dolu idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) və əshabı da Məkkəni fəth edənə qədər belə bir halda olmasına baxmayaraq Kəbəni həm tavaf ediblər, həm də ətrafında və içində namaz qılıblar. Kəbənin içində və ətrafında bütlərin olması və müşriklərin orada uzun illər Allahdan başqasına ibadət etmələri Kəbənin hökmünü dəyişdirməmiş, onun layiq olduğu təzimi və müsəlmanların ona duyduqlarını sevgini alıb aparmamışdı. Əksinə bu bizə göstərir ki, belə hallarda müşrikin şirki tövhid əhlinin ibadətinə mane olmamalıır. Müsəlmanlar İslamın ilk dövrlərində gizli və ya açıq şəkildə Kəbənin ətrafında tavaf ediblər və orada namaz qılıblar. Təsəvvür edin ki, onların ətrafında tövhidin əsasına zidd olan bütlər olub, müşriklər o bütlərə onların yanında qurbanlar kəsərdilər. Kəbənin ətrafı da müsəlmanlar üçün məscid hökmündədir, lakin bununla belə müsəlmanlara orada namaz qılmaq qadağan edilmədi və səhih hədislərdə varid olduğuna əsasən Allahın Elçisi (salləllahu aleyhi va səlləm) hicrətdən öncə orada aşkarda namaz qılmışdır. Hətta müşriklər ona namaz qılarkən əziyyət ediblər. Hicrətdən sonrakı dövrdə Hudeybiyyə sülhündən sonra səhabələri ilə birlikdə ümrə etmiş, oranı tavaf etmiş və orada namaz qılmışdır. O, Kəbəni bütlərdən yalnız Məkkənin fəthində təmizləmişdir.

Həmçinin, bir çox rəvayətlər var ki, səhabələr sinaqoq və kilsələrdə namaz qılmış və bunu namazın səhihliyinə zərər verməyəcəyini bildirmişlər.

Əzhər əl-Hərrani (Allah ona rəhm etsin) deyir: “Əbu Musa (əş-Əşari) Dəməşqə Yuhanna (Nəhyə) kilsəsi adlanan bir kilsədə namaz qıldı”. (“Musannəf İbn Əbi Şeybə” 4871).

Qurtubi (Allah ona rəhm etsin) buyurur: “...İbn Abbas heykəllər və şəkillərin olmadığı təqdirdə sinaqoqda namaz qılardı”. (“əl-Cəmi li Əhkəmil-Quran”, 10/ 372-373).

İbn Əbi Şeybə (Allah ona rəhm etsin) deyir: “Muhəmməd (ibn Sirin) deyir: “Kilsədə (sinaqoqda) namaz qılmaqda heç bir problem yoxdur”. (“Musannəf İbn Əbi Şeybə” 4865). Digər yerdə buyurur: “Onlar ikisi (yəni İbrahim ən-Nəxai və əş-Şabi) deyiblər: “Sinaqoqda və kilsədə namaz qılmaqda heç bir problem yoxdur”. (“Musannəf İbn Əbi Şeybə” 4864).

Əndəluslu alim əl-Hafiz İbn Abdul-Bərr (Allah ona rəhm etsin) deyib: “Həmçinin, (alimlər) icma ediblər ki, kim kilsədə və ya sinaqoqda təmiz bir yerdə namaz qılarsa namazı keçərlidir, icazəlidir”. (İbn Abdul-Bərr “ət-Təmhid”, 5/ 229).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Əbu Raşid ət-Tənuxidən (belə dediyi rəvayət edilir): “Hims şəhəri fəth edildikdə orada məscid tikilənə qədər müsəlmanlar nəsranilərin kilsəsində namazlarını qıldılar”. (“Şərhul-Umdə”, 4/ 503).

Alimlərin hamısı ittifaq ediblər ki, kafirlərin ibadətgahlarında qılınan namazlar səhihdir. Küfr və şirk məbədlərində namaz qılmağa icazə verənlər əlbəttə ki, şirkin edildiyi məscidlərdə namaz qılmağa heç bir problemsiz, sıxıntısız icazə verirlər, çünki məscidin hökmü istənilən halda məscid hökmündə olaraq qalır. Ən bəsit üsul qaydalarından biri bizlərə öyrədir ki, “bir şeyin olduğu kimi qalması əsldir”, yəni bir şey öz əsli hökmünü yalnız qəti dəlilə əsasən tərk edə bilər, şəkk və şübhə əsasında hər hansı bir şeydən onun əsli hökmünü alıb götürmək olmaz. Ona görə də bir məscidin daxilində hər hansı bir qövm küfr olan əməllər edərsə, hətta ora küfr olan simvollarından birini salarlarsa sözsüz ki, bu, məscidi məscid olmaq hökmündən çıxarmaz.

Bu deyilənlərin küfr və şirk məbədləri haqqında deyildiyini düşünün! O zaman içində məscid əhlindən asılı olmadan bəzi kimsələrin bidət və küfr etdiyi məscidlər haqqında heç bir şübhə qalmamalıdır ki, orada namaz qılmağı qadağan edəcək hər hansı bir səbəb yoxdur. Məscidin içinə salınan ələm də belədir.

Fiqh kitablarına nəzər saldıqda orada fəqihlərin namazın səhihliyi üçün müəyyən şərtləri zikr etdiklərini görürük, məzhəblər arasında bəzi şərtlərdə ixtilaf olsa da onlardan heç biri bu cür şərtlərin arasında namaz qılınan məkanın bütlərdən təmiz olmasını şərt qoşarkən görmürük və bu, alimlərin belə bir şeyin namaza zərər verəcək işlərdən olmadığına dair icma etdiklərini göstərir. Əgər namaz qılınan yerdə başqalarının şirk, küfr etməkləri və ya ora şirk rəmzini daxil etməkləri orada namaz qılmağa mane olsaydı, bunu fəqihlərimiz mütləq zikr edərdilər. Onların bunu zikr etməməkləri əksinə onu göstərir ki, belə bir şey namaza maneə deyildir.