"Məscidud-Dirar" haqda

English
Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Müdrikdir”. t-Tövbə, 106-110).
    
Mübarək Quranın bu ayələri dirar məscidi adı ilə tarixə düşmüş və münafiqlər tərəfindən tikilmiş bir məscidin hekayəsini bizə anladır. Bu ayənin nazil olma səbəbi haqqında təfsir əhli geniş söz açıblar və bu barədə gəlmiş bir çox səhih rəvayətlərə öz təfsir kitablarında yer veriblər.  İbn Kəsir (Allah ona rəhm etsin) deyir: ”Bu mübarək ayələrin nazil olma səbəbi budur ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Mədinə şəhərinə gəlmədən əvvəl orada Xazrəc qəbiləsindən olan bir kişi var idi və onu Əbu Amir ər-Rahib çağırırdılar. Cahiliyyə vaxtlarında xristian olmuş və kitab əhlinin elmini oxumuşdu. Cahiliyyə zamanında ibadət edən biri idi və Xazrəc qəbiləsində böyük hörmətə sahib idi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Mədinə şəhərinə mühacir olaraq gəldikdə, müsəlmanlar onun ətrafında toplaşdıqda, İslamın sözü ucaldıqda və Allah müsəlmanları Bədrdə qalib etdikdə lənətə gəlmiş Əbu Amirin bağrı çatlamağa başladı, ədavətini üzə vurdu və düşmən olaraq ortaya çıxdı. Qaçaraq Qüreyş müşriklərindən olan Məkkənin kafirlərinin yanına getdi və onları Allahın Elçisi ilə (salləllahu aleyhi va səlləm) müharibə etməyə təhrik etdi. Ərəb qəbilələri arasından onunla razılaşanlarla birlikdə toplaşdılar. Uhud ili yürüş etdilər və müsəlmanlara nə baş verdisə baş verdi. Beləliklə, Allah onları imtahana çəkdi və gözəl aqibət Allahdan qorxanlarındır. Bu kafir (Uhud döyüşündə) iki qoşun arasında quyular qazmışdı və Allahın Elçisi (salləllahu aleyhi va səlləm) onlardan birinə düşdü, həmin günü xəsarət aldı, belə ki, üzündən yaralandı, sağ tərəfdən aşağı dişləri sındı və başı yarıldı. Allahın salavatı və salamı onun üzərinə olsun! Döyüşün əvvəlində Əbu Amir ənsarlar arasında öz qövmünə yaxınlaşaraq onlara xitab etdi və onları öz köməyinə və öz tərəfinə çəkməyə çalışdı. Onlar isə onun sözlərindən xəbərdar olduqda dedilər: ”Allah heç bir gözə səni görməklə əziyyət verməsin, ey fasiq, ey Allahın düşməni!” Onu çoxca söydülər. O isə gerü dönərək deyirdi: ”Allaha and olsun ki, qövmümü tərk etdikdən sonra şərə düçar olublar”. O, (Mədinədən) qaçmadan öncə Allahın Elçisi (salləllahu aleyhi va səlləm) onu Allahın yoluna dəvət etmiş və onun üçün Quran oxumuşdu, lakin o, boyun qaçırdı və üsyan etdi. Beləliklə Allahın Elçisi onun qovulmuş halda uzaq bir yerdə ölməsini istəyərək ona bəd-dua etdi və bu dua onu tutdu. Belə ki, insanlar Uhuddan geri döndükdə və o, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) işinin ucaldığını və yayıldığını gördükdə Peyğəmbərə (salləllahu aleyhi va səlləm) qarşı dəstək almaq üçün romalıların kralı Heraklın yanına getdi. (Herakl) ona vəd verdi, onu ümidləndirdi və öz yanında saxladı və (Əbu Amir) öz qövmündən şəkk və nifaq əhlindən bir qrupa yazaraq onlara vəd verdi və onları ümidləndirdi ki, Allahın Elçisinə qarşı (salləllahu aleyhi va səlləm) döyüşmək üçün bir qoşunla gələcək və ona qalib gələcək və onu yerindən çıxaracaq. Yazılarını çatdırmaq məqsədilə göndərəcəyi adamları qəbul etmək üçün bir istehkam qurmaqlarını onlara əmr etdi ki, ora gəldikdən sonra həmin yer onun üçün gözləmə və hazırlıq görmək məkanı olsun. Onlar da Quba məscidinin yanında bir məscid tikməyə başladılar. Allahın Elçisi (salləllahu aleyhi va səlləm) Təbuk yürüşünə çıxmadan öncə məscidi tikdilər və möhkəmləndirdilər və gəlib Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) onların məscidlərinə gəlməsini və orada namaz qılmasını xahiş etdilər ki, onun orada namaz qılmasını onun məscidi qəbul etməsi və isbat etməsi üçün bir dəlil kimi istifadə etsinlər. Qış gecələrində aralarındakı zəif və əlil insanların (məsciddə namaz qılmaqları) üçün tikdiklərini dedilər. Allah (Peyğəmbərini) orada namaz qılmaqdan qorudu və Peyğəmbər (salləllahu aleyhi va səlləm) dedi: ”Biz səfərdəyik, lakin geri döndükdə Allahın izni ilə (qılarıq)”. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Təbukdan Mədinəyə geri döndükdə və Mədinə ilə onun arasında bir günlük və ya bir gündən az müddətlik bir məsafə qaldıqda əd-Dirar məscidi barədə, həmin məscidin küfr yaymaq və müsəlmanların məscidində, ilk əvvəldən təqva üzərində qurulmuş Quba məscidində onların camaatlarını parçalamaq üçün qurulması baradə bir vəhy nazil oldu. Allahın Elçisi (salləllahu aleyhi va səlləm) Mədinəyə çatmadan əvvəl o məscidi dağıtmaq üçün birini göndərdi”. (İbn Kəsir ”Təfsirul-Quranil-Azim” 7/ 280-281).
     
Ayənin nazil olma səbəbi Mədinə şəhərində Quba məscidinin yaxınlığında tikilmiş bir məscid haqqında olsa da, ayədəki ibrət yalnız həmin məscidə aid deyildir. Mədinədə tikilmiş Dirar məscidi ilə eyni məqsədlər üçün və ya ona bənzər məqsədlər üçün tikilmiş hər bir məscid də dirar adına layiqdir. Fəxr, riyakarlıq, gözəgirənlik və ya Allahın razılığını qazanmaqdan başqa məqsədlər üçün tikilmiş və ya pak olmayan mal ilə tikilmiş hər bir məscid (hökmdə) dirar məscidinin hökmünə girir. Lakin burada gördüyümüz müşkil məsələ budur ki, məscidin riyakarlıq üçün və ya Allah rızası üçün tikilib tikilmədiyini bilmək praktiki olaraq mümkün deyildir. Çünki islam bizlərə hər zaman insanlar barədə gözəl zəndə olmağı əmr edib. Xüsusilə də əməlisaleh olub, məsələ niyyət və qəlblə bağlı olarsa. Nəinki əməl saleh olduğunda, hətta qardaşımızda xoşa gəlməz bir hal gördüyümüzdə belə onun üçün gözəl zənnə qapanmalıyıq. Gözəl zənn edə bilmədiyimizdə özümüzü qınamalıyıq.  Çünki, Peyğəmbər (salləllahu alethi və səlləm) belə buyurmuşdur: “Mən Qəlblərdə olanı araşdırmağa və qarınlarda olanı yarıb baxmağa göndərilmədim”.
     
Bu məsələdə çox diqqətli olmaq lazımdır. Çünki, məscidin tikilməsinin arxasında duran məqdəs və niyyət bir başa məscidin hökmünü müəyyənləşdirir. Bir çox müsəlman elə güman edir ki, məscidin küfr və bidət etiqadına sahib kimsələr tərəfindən tikilməsi həmin məscidi Dirar məscidi ilə eyni hökmə daxil edir. Onların bu cür fikirləşməsi aparılan yalnış dəvətin və təbliğatın nəticəsidir, çünki bu günlərdə eşitdiyimiz əsassız iddialardan biri də budur ki, hər hansı bir məscid müəyyən bir camaat və ya müəyyən bir qurum tərəfindən tikilibsə artıq o məscid dirar məscididir və orada namaz qılmaq olmaz. Lakin bu cür düşünmək yalnışdır. Əgər hər hansı bir camaatın etiqadında küfr və bidət etiqadlar varsa və həmin camaat bir məscid tikirsə, oranı dirar məscidi saymaq çox böyük bir xətadır, çünki o camaatın etiqadında küfr və bidət olsa da onların məscidi tikməkdəki məqsədləri ən birinci növbədə özlərinin və digər müsəlmanların orada ibadət etməsi üçündür, başqa müsəlmanlara zərər vurmaq, onların sıralarını parçalamaq şübhəsiz ki, məscidin tikilməsindəki məqsədlərdən biri deyildir.
     
İmam əl-Qurtubi (Allah ona rəhm etsin) deyir: “Ayə belə bir nəticəni tələb etmir, çünki kilsəni tikərkən – tikilmə səbəbi yamanlıq olsa belə - başqa bir yerə zərər vermək qəsd olunmur. Nəsranilər kilsəni, yəhudilər isə sinaqoqu sadəcə olaraq ona görə tikirlər ki, - iddialarına görə - bizim məsciddə olduğu kimi onlar da orda ibadət edirlər, beləliklə bu ikisi (dirar məscidi və kilsələr) bir-birindən fərqlənir. Üstəlik alimlər icma ediblər ki, kim kilsədə və ya sinaqoqda təmiz bir yerdə namaz qılarsa qıldığı namaz keçərlidir, caizdir. əl-Buxari zikr edir ki, İbn Abbas timsalların (heykəllər və şəkillərin) olmadığı təqdirdə sinaqoqda namaz qılardı. Əbu Davud isə Osman bin Əbil-As’dan rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm –Taifdəki məscidi əvvəl onların tağutlarının (bütlərinin) olduğu yerdə tikməsini ona əmr etdi”. (“əl-Cəmi li Əhkəmil-Quran”, 10/372-373). Bu cavab eynilə bizim mövzumuzun da cavabıdır. Küfr etiqada sahib kimsələr tərəfindən məscidin tikilməsi həmin məscidi dirar məscidi etməz, çünki küfr və bidətə buşalmış camaat və qurumlar hər bir halda tikdikləri məscidi onların birliyini pozmaq üçün deyil, müsəlmanların istifadəsi üçün tikirlər.
     
Burada anlaşılması çox vacib olan daha bir məsələ vardır. Lakin məscidin müsəlmanlara zərər verdiyini və məscid əhlinin küfr əhli olduğunu biliriksə, həmin məscidin ilk əvvəldən bu məqsədlə tikilib tikilməməsi bir əhəmiyyət kəsb edirmi? Bu sualın cavabı üçün müsəlman alimlərin rəylərini nəzərdən keçirmək lazımdır və Allaha həmd olsun ki, alimlərimiz bu cür məsələləri fətvalarında, kitablarında müzakirə ediblər və gəlin onların fətvalarına nəzər salaq!
Hətta Şeyxul-İslam İbn Teymiyyə (Allahona rəhm etsin) deyir: “Çünki əgər kafirlər Allahın məscidlərini ələ keçirib onlara hakim olsalar və oraları Allahın izn vermədiyi dinləri üçün məbəd etsələr, buna görə o yerlərdə namaz qılmaq məkruh olmaz”. (”Şərhul-Umdə”, 2/504). Əgər məscidləri xalis müşriklərin ələ keçirib orada öz dinlərini yaymaqları orada namaz qılmağı nəinki haram, məkruh belə etmirsə, o zaman hansı haqla küfrdə ittiham edilən bəzi şəxslərin məscidlərə imam etməsinə görə o məscidlərə dirar məscidləri adı vermək olar və müsəlmanlara orada namaz qılmağı qadağan etmək olar?! Məşhur Əzhar məscidi Misirdəki hökm sürmüş batini şiələrin tikdiyi bir məsciddir və tikilərkən çox ehtimal ki, öz batil məzhəblərinə dəvət etmək üçün, məzhəblərini digər müsəlman ölkələrinə yaymaq üçün tikmişdirlər. Bu batini, ismayili şiələrinin Misirdə hökmünə son qoymuş Səlahud-Din əl-Əyyubi (Allah ona rəhm etsin) həmin məscidi bağladı. Lakin sonra hakimiyyətə gəlmiş məmlük əmirləri həmin məscidi sünnilərin xidmətinə açdılar və beləliklə Əzhar camisi müsəlman dünyasında əhli-sünnət məzhəbinin yayılması üçün böyük rol oynayacaq məscidlərdən birinə çevrildi və hər hansı bir alimin həmin məscidə dirar məscidi dediyini bilmirik. Hal-hazırda bir məscidin Peyğəmbərin (salləllahu aleyhi va səlləm) zamanındakı Dirar məscidinin analoqu olduğunu söyləmək mümkün deyildir, çünki həmin yerin Dirar olduğu vəhy vasitəsi ilə sabit oldu, bizim zamanımızda isə tikilmiş hər hansı bir məscidin küfr və nifaq məqsədilə tikildiyindən əmin olmaq olmaz. Sonda təkfir fitnəsinə düşmüş səmimi müsəlman qardaş və bacılarıma üz tutaraq deyirik. Allahdan qorxun! Artıq çox sayda müsəlmanın qanını halal edərək onları kafirlər zümrəsinə qoşdunuz. İndi isə Allahın evlərinə dil uzadıb öz ağlınızla onları da hörmətdən salır, onlara da tənə edirsiz. Məgər bu yolun yalnış bir yol olduğunu anlamaq belə çətindirmi?! Məscidləri zəif səbəblərə görə tərk etmək əslində şeytanın oynadığı bir oyun və hiylədir. Dirar məscidinin ən böyük xətəri müsəlmanların sırasını parçalamaq olmuşdur və məhz buna görə də ona dirar məscidi adı verilib və biz sizin halınıza baxanda görürük ki, müsəlmanların sıralarını parçalayan iddia etdiyiniz məscidlər deyil, elə sizin özünüzsünüz. Bu barədə düşünün və Allahın məscidlərini tərk etməyin!
     Məscidin inşasında işləyən ustaların cahil, fasiq və ya kafir olması məscidin dirar məscidi olmasını müəyyənləşdirən amil deyil. Burarada məscidi tikənlərin müsəlman olub-olmaması nəzərdə tutulmur. Adi bir evi məscidə çevirmək artıq onun təqva üzərində bina olması deməkdir. Məscid onun içərisində olan camaata görə bina edilmiş sayılır. Bu günkü məscidlərə dirar adı verənlər Seyyid Qutubun təbliğinin təsiri altına düşənlərdir. Belə insanlar təkfirçi, ixvan, hizbiçidirlər. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında müşriklər Kəbənin təmir edərək içinə bütlər qoyub öz şirk təbliğatlarını yayırdılar. Lakin, buna baxmayaraq Peyğəmbər (salləllahu aleyhi və səlləm) orada namaz qılırdı.
   
"Məscidud-Dirar" haqda, yəni bu məscidi təməlinin təqva üzərində qurulmaması haqda Uca Allah Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bildirmişdir. Lakin, günümüzdə hansı məscidin təqva üzərində qurulmadığı haqda nə isə demək olar? Kim belə şey deyərsə, artıq qeybi iddia etdiyinə görə küfr etmişdir. Belə ki, bu iddianı etmək üçün o adamda bu məscidin təqva üzərində qurulmaması barədə qəlbindəki niyyəti barədə məlumat olmalıdır. Bu isə qeybi məsələ olduğuna görə mümkün deyil. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) münafiqlərin adlarını yalnız Huzeyfə ibn əl-Yəmənə (Allah ondan razı olsun) bildirmişdir. Hətta Əbu Bəkrin, Ömərin və digər səhabələrin (Allah onların hamısından razı olsun) bu haqda bilgiləri yox idi. Ona görə də heç kəsi münafiqlikdə ittiham edə bilməzdilər. Yəni, bu məsələlər qeybi məsələdəndir. Qəlbdə gizlənən bir şeydir. 
     
Nəticə olaraq deyilir ki, bu məsələ məscidi tikən adamın bir-başa niyyətinə bağlıdır. Yəni, bunu Allah üçün, yoxsa başqası üçün edib? Bunu da yalnız Allah bilir. Kim hər hansı bir məscidin Dirar məscidi olmasını söyləyə bilər? Hər hansı bir məscidin Məscidud-Dirar olmasını demək küfr ola bilər. Belə ki, bunu deyən, o məscidin münafiqlərin məscidi olmasını iddia etmiş olur. Bu isə qeybdən xəbər verməyə gətirir. Bu isə sözsüz ki, küfrdür. Məsciddən insanı yalnız şeytan uzaqlaşdırar. Ya da şeytana qulluq edən insanlar vəsvəsə salıb uzaqlaşdırar. Xüsusi ilə də bu günkü fitnələrin baş verdiyi bir vaxtda bizə məscidlərə sıx sarılmaq lazımdır. Qiyamət günü heç bir kölgə olmadığı zaman Allahın yaratdığı kölgə altında olan qruplardan biri də qəlbi məscidlərə bağlı olan kimsədir. Allah bizə də nəsib etsin!