"Şəriətin o zaman hələ tamamlanmadığı" şübhəsi

English

Şəriətin o zaman hələ tamamlanmadığını və tamamlanmadığı üçün də ancaq o vaxtkı insanların üzürü olduğunu deyirlər. Bu günkü insanlardan isə şəriət tamamlandığı üçün artıq üzürün qalxdığı iddiasını irəli sürürlər. 

Şübhəyə cavab: 
Bu iddianın Quran və Sünnədən açıq dəlilə ehtiyacı var. Cahillik bütün məsələlərdə üzürdür. Onu harasa, kiməsə xüsusiləşdirmək üçün dəlil lazımdır. Deyirlər ki “şəriət o zaman hələ tamamlanmamışdı”. Düzdü şəriət hər tərəfi ilə kamil olaraq tamamlanmamışdır. Amma bir çox tamamlanmış məsələlər var idi və onlardan ilki Tövhid idi. Biz bu üç hədisin tarixinə baxsaq, görərik ki, üçü də hicrətdən sonra olub.
Birində - Allahdan qeyrisinə səcdə var (“Muazın səcdə etməsi” hədisi),
birində - Allahdan qeyrisini ilah seçmək olduğu üçün Bəni İsrailə oxşama var (“Zətu Ənvat” hədisi),
digərində isə Allahdan qeyrisinin qeybi bildiyi iddiası var (“Cariyələrin” hədisi).
Məgər bunlar əqidənin kökü deyilmi?! Yəni, necə iddia etmək olar ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunları hicrətdən qabaq başa salmayıb? Nəinki bunları, bütün Tövhid məsələlərini başa salıb. Əgər Muaza (Allah ondan razı olsun) qədər Allahdan qeyrisinə edilən səcdənin hökmü nazıl olmamışdısa, onda nəyə görə müsəlmanlar Həbəşistana hicrət edəndə kralın qabağında əyilmədilər.
 
Şəriətin bütövlükdə tamamlanmaması o demek deyil ki, tamamlanan (yəni, hökmü yekunlaşan) məsələlərdə hökmlər tətbiq olunmur. Bu məfhumu deyilən iddia kimi başa düşsək, onda nəyə görə əl-Maidə surəsinin üçüncü ayəsi (yəni, şəriətin tamamlanması ayəsi) nazil olmamışdan qabaq oğrunun əlini kəsirdilər? Nəyə görə zina edəni daşqalaq edirdilər? Nəyə görə digər hökmlər bu ayədən əvvəl tətbiq olunurdu? Axı iddiaya görə şəriət tamamlanmamışdı? Şəriətin tamamlanmaması, tamamlanmış məsələlərdə hökm oxunmasına, tətbiq olunmasına mane olmur. Çünki, Quran və Sünnə sayılan şəriətimiz iyirmi üç il ərzində tədricən nazil olub. Tamamlanmış bu məsələlərin başında da tövhid durur. Səcdənin yalnız Allaha aid olması, qeybi bilməyin yalnız Allaha aid olması, xeyrin və bərəkətin yalnız Allahdan umulması da məhz tövhid məsələləridir. Hər məsələdə olduğu kimi bu məsələlərdə də bilməyənlər bilmədiklərinə görə üzürlü hesab ediliblər. Bilməməzlik cəhətdən istər İslamda təzə olsun, istərsə də Muaz (Allah ondan razı olsun) kimi böyük elimli sahabə olsun, hər kəs xəta edə bilər. Günah etməmək ancaq Peygəmbərlərin (salləllahu aleyhi və səlləm) vəsfidir.
 
İçkinin haramlığı barəsində ayənin nazil olmasına baxmayaraq hətta səhabələrdən cahilliyinə (bilməməzliyinə) görə içkini halal sayan olmuşdu. Bu isə icma ilə dindən çixaran bir amildir. Amma digər sahabələr onu təkfir etməmişlər. Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) dövründə bir qadın zina edir və o qadın zinanın hökmünü bilmədiyi üçün Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) onu daş qalaq etdirmir. Səhabələr heç vaxt üzür məsələlərini şəriətin tamamlanıb və ya tamamlanmamasına bağlamayıblar. Habelə, şəriətin tamamlanması bütün fərdlərin hamısının şəriəti tam başa düşməsi demək deyildir.

Mövzular: