“Lə iləhə illəllah” kəlməsinin mənasını təfsilatla bilmədən deyənin hökmü nədir?

Sual: 
“Lə iləhə illəllah” kəlməsinin mənasını təfsilatla bilmədən deyənin hökmü nədir?
Cavab: 

Birincisi, İnsanda İslamın əsli şəhadət kəlməsilə gerçəkləşir.

İkincisi, təfsilatı ilə bilib-bilməməsi o insanın qəlbindəki məsələlərdir. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Usaməni (Allah ondan razı olsun): “Sən onun qəlbini yarıb baxdınmı?”- deyərək qınayır. Çünki, Usamə (Allah ondan razı olsun) öldürdüyü insanın o andakı zahiri ilə kifayətlənmir. Halbuki, o anda həmin insanın zahiri İslam idi.

Üçüncüsü, Tövhid və şirk məsələlərində cəhalətin üzr olmasına dair, Sünnədə keçən dəlillər insanın cəhaləti üzündən “Lə iləhə illəllah” kəlməsini təfsilatla bilmədiyi halda ona müsəlman hökmü verilməsinə sübutdur. Bu dəlilləri Allahın izni ilə ətraflı zikr edəcəyik.

Deməli, bizə onu müsəlman kimi görmək üçün ən birinci onun zahirən gətirdiyi şəhadət kifayətdir. Niyə görə burda ən birinci kəlməsini işlədirik? Çünki, İslam tək şəhadət kəlməsini tələffüz etməklə qurtarmır. Ona görə ki, iman qəlblə təsdiq etmək, dil ilə demək və əməllə də isbat etməkdir. Onu müsəlman kimi görmək üçün ən birinci onun zahiri kifayətdir. Diqqət yetirin! O insanda cahillikdən şirk olsa belə, zahirlə - şəhadət kəlməsini tələffüz edərək özünü İslama nisbət etməklə bilinir. Bu məsələni Şeyx Muhəmməd Saleh ibn əl-Useymin (Allah ona rəhm etsin) “Kitəbut-Tövhid”, 1-ci bab, 7-ci məsələnin şərhində qeyd edir. Axı insanın dininə xələl gətirən, dindən çıxardan əməllərdən biri də şirkdir. Uca Allah buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (əz-Zumər, 65). Baxın, Şeyx ibn əl-Useymin (Allah ona rəhm etsin) bu məsələni necə açıqlayır. Şeyx buyurur: “Küfr edənlər iki qismə bölünür: Birinci qism: Əsli küfr olan qisimdir. Özünü müsəlman saymadığı halda böyük küfr edənlərdir. Məsələn: Əhli-Kitab, Sabiilər, Məcusilər, Bütpərəstlər, Dəhrilər və s. Belələri zahirən və batinən kafirdirlər. İkinci qism: Müsəlman olduğu halda etdiyi əməlinin böyük küfr olduğunu bilmir. Bu insan zahirən və batinən İslama nisbət olunur”. (“Kitəbut-Tövhid” 1-ci bab, 7-ci məsələnin şərhi).

Müsəlman olduğu halda etdiyi əməlinin böyük küfr və şirk olduğunu bilməyən, lakin başa salındıqdan sonra, başa düşüb, öz küfrü və şirki üzərində təkəbbürlük göstərərək, inadkarlıq edənlər - Muhəmməd ibn Abdul-Vahhabın kitablarında təkfir etdiyi insanlar bu qism insanlardır. Çünki, şeyxin başqa ifadələrini bir araya toplayanda, (məsələn; “Abdul-Qadir əl-Ceylaninin qəbri üzərində ucaldılan bütlərə ibadət edən kimsəni təkfir etmirəm” və yaxud “bir insanı qəbrə ibadət edən görsəm, ona kafir deyə bilmərəm. Amma mən özüm etsəm kafir olaram” bu kimi ifadələri bir arada cəm edəndə) şeyxin hüccət çatdıqdan sonra təkfir etdiyi başa düşülür. Bu məsələni Abdur-Razzaq əl-Bədr “Aqidətul-Vasitiyyə”nin şərhində izah edir. Dedik ki, başa salındıqdan sonra, başa düşüb, öz küfrü və şirki üzərində təkəbbürlük göstərib inadkarlıq edərək davam edən kimsə icma ilə təkfir olunur. Onda belə kimsələrə Uca Allahın bu ayəsini oxuyuruq: "Əgər şərik qoşsan, əməlin puç olacaq...” (əz-Zumər, 65) və deyirik: “İslam tək “lə iləhə illəllah” kəlməsini tələffüz etməklə, namaz qılmaqla, oruc tutmaqla qurtarmır. Başa düşdükdən sonra inadkarlıq göstərib təkəbbürlük edən kimsə şəhadət gətirsə, namaz qılsa, oruc tutsa belə dindən çıxır. Amma başa düşməsə və yaxud etdiyi küfrü dindən zənn etsə, bu kimsə dindən çıxmır. Necə ki, Şeyx Muhəmməd Saleh ibn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “bir müsəlman qəbirə ibadət edən bir qövmün içərisində yaşayırsa və cahilliyindən bu əməlin şəriətlə caiz olduğuna etiqad edirsə, buna kafir hökmü vermirik. Çünki o, müsəlmandır və bu əməlin dində icazəli olduğuna etiqad edir”. (“Kitəbut-Tövhid”, 1-ci bab, 7-ci məsələnin şərhi).

Müsəlman qardaşlar! Sələfin yolunu murciyədən ayıran əsas məsələlərdən biri də budur. Murciyələr əməli tamamən imandan saymır. İmanın artıb-azalmasını qəbul etmir. İmanı cüzlərə bölmürlər. Murciyə əqidəsinə görə iman yalnız və yalnız Allahı təsdiq və ona olan inanc deməkdir. Yəni “lə iləhə illəllah” varsa, fərzi tərk etmək və ya küfr etmək sənə zərər verməz. İçki içib, zina edib, küfr, şirk edənlə, bütün bunlardan çəkinən insanın imanı eynidir. Onlara görə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) şeytanın imanı eynidir. Əhli-Sünnədə isə imman 70-dən çox şöbədən ibarətdir. İman artır və azalır. İman qəlblə təsdiq, dil ilə demək, əzalarla əməl etməkdir. Allahın əmr etdiyi əməlləri tərk etmək imanın əslini yox etmir, kamilliyinə zərər gətirir. (Xəvariclərə görə isə günahlar imanın əslini pozur). Sələf alimləri yalnız namazın tərki barədə ixtilaf etmişlər. Allahın qadağan etdiklərindən çəkinməmək bəzən imanın əslini yox edir, (böyük şirk və böyük küfr kimi), bəzən də (başqa günahlar kimi) kamilliyini zədələyir. İbn əl-Qayyim (Allah ona rəhm etsin) buyurur: “İmanın şöbələrindən elələri vardır ki, onu tərk etməklə iman tamamilə yox olur. Şəhadəti tərk etmək kimi. Eləsi də var ki, imanın əslini yox etmir. Yoldan əziyyət verən amili itirməmək kimi. Bu iki şöbənin arasında bir-birindən fərqli şöbələr yerləşir. Lə iləhə illəllah kəlməsinə yaxın olan şöbələrin hökmü lə iləhə illəllah kəlməsinə yaxındı, yoldan əziyyət verən amili itirməyə yaxın olan şöbələrin hökmü də bu əməli tərk etməyin hökmünə yaxındır”. (“Kitəbus-Saləh” səh. 34).

Mövzular: