İnsan nə ilə və necə müsəlman olur? Lə iləhə illəllah nə zaman fayda verir?

English

İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının Lə iləhə illəllah demələri hədisi) və belə halda ölsə, bu lə iləhə illəllah ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir. Namaz, oruc, zəkat, həcc kimi ibadətlərin ilk şərtinin bu əməllərdən qabaq insanın müsəlman olmasına dəlildir. Yəni insan ilk olaraq müsəlman olur ki, namaz, oruc, həcc ona vacib olsun. Həmin şəxs müsəlman olmasaydı, bu ibadətlər ona vacib olmazdı. Deməli, kafirə namaz, oruc, həcc vacib deyil. Çünki, kafirdə bu ibadətlərin vacib olması üçün ən birinci şərt yoxdur.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İnsanda İslamın əslinin onlara ən birinci əmr olunanın (şəhadət kəlməsinin) olması, dində zəruri bilinən və ümmətin ittifaq etdiyi məsələlərdəndir. Bununla kafir müsəlmana çevrilir. Əgər bunu qəlbdən deyibsə, İslama girmiş olur. Əgər qəlbdən deyil, sadəcə dillə deyibsə, onun zahiri İslamdı, amma daxilində iman yoxdur”. (“Şərh Aqidətut-Tahaviyyə” səh. 15; “Fəthul-Bəri” 1/ 497).

“Qəlbdən deməmək” İslama girmək məqsədi ilə deyil başqa məqsədlərlə bu kəlməni tələffüz etməkdir. Məsələn; münafiqlərin və ya İslamı araşdıran bəzi kafirlərin mühazirələrində dilləri ilə söylədikləri, yazdıqları əsərlərdə qeyd etdikləri şəhadət kəlmələri mötəbər sayılmır. İslam qəsdi olmadan bu kəlməni demək də etibarlı sayılmır. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) zamanında Məkkə müşrikləri belə ifadələri çox işlədirdilər: “Muhamməd insanları “lə iləhə illəllah”a dəvət edir”, “Muhəmməd bizdən “lə iləhə illəllah” deməyimizi istəyir”. Diqqət yetirin, əgər qəsd olmadan deyilən “lə iləhə illəllah” alimlərin icması ilə insana fayda vermirsə, necə ola bilər ki, qəsd olmadan edilən şirk insanın “lə iləhə illəllah” deməsini pozsun!?

Bu yerdə İmam Qurtubi (Allah ona rəhm etsin) buyurur: “Bir kafir, imanın küfrdən üstün olduğunu başa düşərək, imanı küfrdən üstün tutmaqla müsəlman olursa, bir müsəlman da küfrü bilib və başa düşüb onu seçincəyə qədər icma ilə kafir sayılmaz”. (“Təfsirul-Qurtubi” 7/ 6128). Əgər bilməməzlik insana fayda vermirsə, insana zərər də verməməlidir.