Rəhbəri söyənlər barəsində

English

İmam əl-Acurri (Allah ona rəhm etsin) “əş-Şəriatu” adlı kitabının 21-ci səhifəsində deyir: “Müasir və keçmiş alimlər Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. Onlar oruc tutsalar da, namaz qılsalarda və etdikləri digər ibadətlərdə çox həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur. Çünki, onlar Qurani-Kərimi öz istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq göstərmək mücadiləsinə girmiş bir qövmdür”. Digər bir yerdə isə belə deyir: “Xavaricilərin sifətlərindən birinə sahib olan, adil və ya zalım bir rəhbərə qarşı çıxmağı halal görən kimsənin Quran oxuması, namazlarını gözəl şəkildə qılması, davamiyyətli oruc tutması, gecə-gündüz dindən danışması və s. xeyir əməlləri sizləri aldadıb çaşdırmasın”- deyir və onlar haqqında hədisləri bir-bir zikr edİr”. (əl-Acurri, "əş-Şəriatu" səh: 28-37).

Xavaricilərin məzhəbindən çəkindirmək üçün qeyd etdiyimiz bu məlumatlar Uca Allahın fitnə və Cəhənnəm əzabından qorumaq istədiyi kimsə üçün açıq-aydın bir dəlildir.

əş-Şovkəni (Allah ona rəhm etsin) belə yazır: “Rəhbərin xətalarını aydın şəkildə görən kimsə rəhbərinə insanların gözü önündə nəsihət etməz, onların ayıblarını ifşa etməz. Həqiqi sələf yolu - hədisdə keçdiyi kimi imamın əlindən tutub, onunla təkbətək qalaraq nəsihət etməkdir. Bununla bərabər ona qarşı nəsihətdə ədalətli olmalı və Allahın sultanını yer üzündə zəlil etməməlidir. Rəhbərlər hər nə qədər zalım olursa-olsun namazlarını qıldıqları və açıq-aydın bir küfr etmədikcə onlara qarşı çıxmaq olmaz”. (“əs-Seylul-Cərrar”, səh. 4/ 556).

Bu barədə rəvayət olunan hədislər kifayət qədərdir. Həmçinin, hər bir müsəlman bilməlidir ki, günah olan məsələlərdə rəhbərə və ümumən heç bir yaradılana itaət etmək olmaz. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yaradana asilikdə yaradılmışlara itaət etmək olmaz". (Əhməd, 1095). Ona görə də Yaradana asi olmaqla yaradılanların işini yola vermək olmaz.

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) “Miftəhud-Dərus-Səadə” adlı əsərində deyir: “Qəlbin saxtakarlıq və hiyləgərlikdən təmizlənməsinin səbəblərindən biri də, müsəlmanların camaatına bağlı qalmaqdır”. Çünki, bu sifətə sahib olan kimsə müsəlman camaatına bağlı olduğundan ötrü özünə istədiyini onlara da istəyər, özünə xoş görmədiyini onlara da xoş görməz. Onları üzən şey onu da üzər, onları sevindirən şey onu da sevindirər. Xavaric və Mötəzilələrdə isə bunun əksi baş verir.

İmam Təhavi (Allah ona rəhm etsin) deyir: “Müsəlman rəhbərlər haqsızlıq etsələr belə onlara qarşı çıxmayın və onlara bəd dua etməyin. Onlara itaətsizlik etməyin. Rəhbərlər günahı əmr etmədikləri müddətcə onlara itaət etmək fərzdir. Allaha asi olmağı bizə əmr etmədikləri müddətcə onlara xeyirlə dua edirik”. (“Şərhu Əqidətut-Tahəviyyə” əl-Albaninin təhqiqi ilə, səh. 379).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Əhli-Sünnənin məşhur nəzər nöqtəsinə əsasən, rəhbər zalım olsa, zülm etsə belə, ona qarşı çıxmaq və döyüşmək düzgün deyildir. Buna dəlil Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql edilən çoxsaylı hədislərdir. Çünki, döyüş və fitnədəki zərər və ziyan, başçının zülmündən daha böyükdür. İki zərərli işin daha kiçiyi qala-qala, zərəri böyük olanı irəli keçirtmək olmaz. Başçıya qarşı çıxmaqla ictimai və siyasi vəziyyəti əvvəlkindən daha yaxşı şəkildə düzəldən, demək olar ki, heç kim olmayıb. Əksinə düzəltmək əvəzinə daha da bərbad ediblər”. (“Minhəcus-Sunnə” 3/ 390). Başqa bir yerdə isə belə demişdir: “Bəzi hallar istisna olmaqla, başçıya qarşı çıxan hər bir şəxsin bu əməli xeyirdən çox şərlə nəticələnmişdir. Bütün bu deyilənlərdən və tarixi hadisələrdən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) rəhbərin zülmünə səbr etməyin vacibliyi açıq aydın başa düşülür. Bu işlərdə bəndə üçün ən xeyirli olanı səbrdir. Hər hansı bir şəxs öz emosiyalarına tabe olaraq qəsdən və ya səhvən bununla razılaşmazsa, onun tutacağı yolda xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir”. (“Minhəcus-Sunnə” 4/ 527-532).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: “Deyilənlərdən başa düşülən budur ki, Xəvariclər İslamda bədnam bir yol qoyaraq, müsəlmanların başçılarına qarşı itaətsizlik göstərməyi əsrlər boyu özlərinin dini məqsədinə çevirmişlər. Baxmayaraq ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) çoxsaylı hədislərdə onlara qarşı ehtiyatlı davranmağı tapşırmışdır. Belə rəvayətlərdən biri də “Xəvariclər Cəhənnəmin köpəkləridir”- hədisidir. Xavariclər öz başçılarını, küfr etdiklərinə görə deyil, zülm, böyük günah və fasiqlik etdiklərinə görə təkfir (kafir hesab etmək) edirdilər. Bu gün, İslamda yeni olan müsəlman gənclər, (xavariclərin vəsflərindən biri də onların  yeniyetmə və gənc olmasıdır) bir çox hakimlərin Uca Allahın endirdiyi ilə hökm vermədiyini görərək, elm, fiqh və hikmət sahibləri ilə məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlar. Onların bu məsələni özbaşına həll etməsi, Məkkədə, Misirdə, Suriyada və Əlcəzairdə nahaq qanların tökülməsi ilə nəticələnən ümumi bir fitnəyə səbəb olmuşdur. Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli olduğunu qəbul etsək belə bunun həyata keçirilməsi yolverilməzdir. Çünki, təəssüflər olsun ki, biz bu gün qeyri-müsəlmanların müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu qiyamçılar müsəlman hakimlərə qarşı çıxmaq istəyirlərsə, qoy elə qeyri-müsəlmanlara qarşı çıxsınlar. Lakin, onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər. Bu səbəbdən mən iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların İslamı qəbul etməsinə, İkincisi isə onların inadkar və cahil olmalarına. Deməli, bu gün üsyandan danışılması heç bir tərəfdən yolverilməzdir. Buna görə də biz qiyamçıları və ya qiyam etməyə çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da cahillər adlandırırıq”. (“Fətəva əl-Uləmə əl-Əkəbir” səh. 91).

Günümüzdə "mən dövlətə qarşı çıxmıram, ancaq xətalarını və zülmlərini danışıram" deyənlərə gəldikdə isə bunlar belə şeyləri danışaraq camaat arasında şər yayırlar. Nə vaxtsa qopa biləcək bir fitnə alovunun odunlarını yığırlar. Dahi alim İbn Həcər (Allah ona rəhm etsin) xavariclərin parçalandığı firqələrini sadalayaraq demişdir: “Qaidiyyə - başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama qoşulmayan firqəyə deyilir”. (“Hədyus-Səri” 483; “Ğarrasul-Əsəsi” 373.)

Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhm etsin) deyir: "Adamı təəccübləndirən xavaricin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tənə edərək belə deməsidir: "Ey Muhəmməd, ədalətli ol! Sən bu bölgünü Allah xatirinə etmədin nəfsinə uydun" deməsidir. Bu hədis, sözlə hakimlərə qarşı çıxmanın xavariclərin xüsusiyyətindən olmasına dəlil olduğunu bildirir. Çünki, bu şəxs Peyğəmbərə (salləllahu aleyhi və səlləm) qarşı əlinə qlınc götürməmişdi. Lakin ona öz etirazını bildirmişdi.

Şübhə olaraq bəziləri gətirir ki, hədislərdə ancaq qılıncla qarşı çıxmağın qadağan olması qeyd edilir, dil ilə rəhbərləri pisləmək deyil. Bu şübhə sahiblərinə deyilir: “Əhli Sünnənin bəzi kitablarında rəhbərə qılıncla qarşı çıxmağın qadağan olmasına gəlincə, bu o demək deyil ki, dil ilə rəhbərləri pisləmək olar. Əgər Uca Allah bir günahı qadağan edibsə, ona  aparan yolları da qadağan edib. Məsələn, baxışın son mərhələsi sayılan zinanın qadağan olunması, gözlə harama baxmağın qadağan olunmasına dəlildir. Həmçinin, dil ilə hakimlərin əleyhinə danışmağın son mərhələsi sayılan xurucun (rəhbərə qarşı çıxmaq) qadağan edilməsi də rəhbərlərin əleyhinə danışmağın qadağan olmasına sübutdur. Bundan əlavə, Uca Allahın qadağan etdiyi bir əmələ aparan yolları icazəli etməsi, məntiqə uyğundurmu!? Deməli, sözlə də hakimə qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut yuxarıda qeyd etdiyimiz hədislər və baş verən hadisələrdir. Baş verənlərə gəlincə, biz tam əminliklə deyə bilərik ki, qılıncla qiyam da sözlə qiyamın bir hissəsidir. Çünki, hər məsələdə olduğu kimi bu məsələdə də söz əməldən əvvəl gəlir”. (Bu sözlər Şeyx İbn əl-Useyminin İmam Şovkaninin “Raful-Əsətin fi Hukmil-İttisal Bis-Sələtin” kitabına verdiyi açıqlamalardan götürülmüşdür. Həmçinin, “Fətəva əl-Uləmə əl-Əkəbir” səh. 95).

Ənəs ibn Məlik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Rəhbərlərinizi söyməyin, onları aldatmayın və onların əleyhinə danışmayın. Allahdan qorxun və səbr edin. Həqiqətən də əmir (idarəçilərinizin zülmündən qurtulmanız) yaxındır”. (əl-Albani “Zıləlul-Cənnə” 1015).

Əbu Bəkrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim bu dünyada Uca Allahın təyin etdiyi rəhbərə ehtiram göstərib məqamını uca tutarsa, Allah da Qiyamət günü onun məqamını yüksək tutub şərəfləndirər. Kim də Uca Allahın təyin etdiyi rəhbəri alçaldaraq gözdən salarsa, Allah da Qiyamət günü həmin adamı alçaldar”. (İmam Əhməd, 20450, 20705; əl-Albani “Silsilətul-Əhədisis-Səhiha” 2297; “Zıləlul-Cənnə” 1017).

Əbu Zərr (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Məndən sonra bir rəhbər gələcək. Siz onu ucaldacaqsınız. Əgər kim onu zəif və zəlil olmasını istəsə, o kimsə İslamda şər olan bir əməl icad etmişdir və onun tövbəsi bu şər əməli aradan qaldırmayana qədər qəbul olmaz”. (İmam Əhməd; əl-Albani “Zıləlul-Cənnə” 1074-1078).

Uca Allah buyurur: “Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir”. (ən-Nur 19).

İbn Ömər (Allah onlardan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bizi aldadan və bizə qarşı silah qaldıran bizdən deyil”. (əl-Albani "Səhihul-Cəmi" 6217).

Ubadə ibn Sabit (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Hər kim Allaha heç bir şeyi şərik qoşmadan ibadət edər, namaz qılar, zəkat verər və (rəhbərini) dinləyib, itaət edərsə Cənnətin səkkiz qapısından istədiyindən girər”. (əl-Albani “Zıləlul-Cənnə” 968, 1027).

Zeyd ibn Sabit (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Üç sifət vardır ki, müsəlman bir kimsə bunlara sahib olarsa qəlbində kin, xəyanət və düşmənçilik olmaz. Əməli tam bir ixlasla Allah rizası üçün etmək, müsəlmanların başındakı rəhbərlərə xeyir dua etmək və müsəlmanların cəmaatından ayrılmamaq”. (əl-Albani “Zıləlul-Cənnə” 94; “Səhihut-Tərğib” 83-86).

Əbu İshaq əs-Səbinidən (Allah ona rəhm etsin) belə rəvayət edilir: “Rəhbərlərini söyən camaat, onlardan gələn xeyirdən məhrum olar”. (İbn Abdul-Bərr “Təhmid” 21/ 287).