“Zətu Ənvat” hədisi

English
Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar İslamı yenicə qəbul etmişdik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (əl-Əraf, 138). Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”. (Əhməd, 21950; 22245; ət-Tirmizi, 2180, 2335. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5369).
Bu səhabələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi onlara da bir büt düzəltmələrini Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) istəmişdilər. Səhabələrin bu əmələ etiqadına baxmayaraq Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onları müəyyən şəxslər olaraq tək-tək təkfir edib “Siz kafir oldunuz” və ya “Ey kafirlər! Siz islam millətindən çıxdınız. Gedin yenidən İslama girmək üçün qüsl alın, tovhid məsələlərində cahillik üzür deyildir”- demədi. Səhabələrə qarşı mürtədlərə qarşı tətbiq edilən hədləri etmədi. Əksinə, Peyğəmbər (ona Allahın salavat və salamı olsun) onların bilməməzliyini üzürlü sayıb, tələb etdikləri şeyin küfr olduğunu, Musadan (ona Allahın salamı olsun) istənilən şey ilə eyni olduğunu acıqlamışdır. Dolayısıyla, Peyğəmbər (ona Allahın salavat və salamı olsun) onların sözlərinin küfr olduğunu söyləmiş, amma özlərini kafir adlandırmamışdır. Peyğəmbər (ona salavatı Allahın və salamı olsun) bu əməlin nə qədər təhlükəli oluduğunu və “Zətu Ənvatın” arxasında nəyin gizləndiyini onlara bəyan etdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunun nə ilə nəticələnəcəyini bildiyi üçün bunu onlara qadağan etdi. “Allahu Əkbər” deməklə onların bu sözlərinin nə qədər təhlükəli olduğunu bildirdi. Çünki, onlar silahlarını ağacdan asmaqla ümidlərini və qəlblərini o ağaca bağlamış olurdular. Müşriklər bu ağaca etiqad etmələri üç şeylə bağlı idi:
  1. Onlar bu ağacı əzəmətləndirirdilər.
  2. Ona yaxınlaşmaq üçün etikaf edirdilər. Halbuki, etikaf da ibadətdir.
  3. O ağacdan bərəkət umurdular ki, ağac onların qılınclarına bərəkət verəcəkdir. Bu da böyük şirkdir.
Onlarda bu üç şey birləşdiyi üçün şirkləri də əzəmətli idi. Düşünmək lazımdır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onları nə üçün qınadı? Çünki, ağacdan bərəkət ummaq haramdır. Səhabələr belə, bu məsələdə cahillik üzündən xəta etdilər. Lakin, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onları gözəl bir şəkildə başa saldı. Hədisi rəvayət edən Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) və ətrafındakı bəzi səhabələr Məkkə fəthində İslamı qəbul etdikləri üçün İslamda yeni idilər. Məhz buna görə də Peyğəmbərdən (ona Allahın salavat və salamı olsun) belə bir şey istəmişdilər.
İmam əs-Suyuti (Allah ona rəhm etsin) buyurur: “Zətu Ənvat” hədisi İslamda təzə olanların cahilliklərinə görə üzürlü olmalarını göstərən dəlillərdəndir”.