Xəvariclər İslamda ilk çıxan, Sünnədə və əsərlərdə ən çox məzəmmət olunan bidət firqələrindəndir. Onların babalarından sayılan Zul Xuveysirə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) "Ya Muhəmməd! Adil ol"- deyərək məxluqatın ən xeyirlisi olan Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) ədalətsizlikdə ittiham etmişdir. Daha sonra onlar Hz. Osmanın və Hz. Əlinin (Allah onlardan razı olsun) dövründə çoxalmış, müsəlmanlara qarşı çıxmış, onların qanını tökmüşlər.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları vəsf edərək demişdir: “Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keçdiyi kimi İslamdan çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçməyəcəkdir. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldürən kimsələrə Qiyamət günü bunun müqabilində mükafat veriləcəkdir”. (əl-Buxari, 3611, 5057).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda olacaqlar və onlar Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir. Onlar hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər, hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri iyirmi dəfədən çox təkrar etdi (və buyurdu): "Bu (hal) Dəccəl onların qoşunundan çıxanadək davam edəcəkdir". (Əhməd, 2/174; İbn Məcə, 173; ən-Nəsai, 4103, əl-Albani "Sahihul-Cəmius-Sağir"də (8171) həsən olduğunu bildirmişdir).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları öldürməyi və onlara qarşı vuruşmağı əmr etmiş, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri Əli (Allah onlardan razı olsun) ilə bərabər onlara qarşı vuruşmuşlar.
Xəvaric əqidəsi
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Allahın Kitabının qəsd etdiyini və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsini düzgün başa düşməmək onların bidətlərinin əsasıdir. Niyyətləri Qurana zidd olmaq deyil, lakin fəhmləri (başa düşmələri) səhv olduğu üçün belə ediblər. Onlar elə zənn edirlər ki, Quran böyük günah sahiblərinin təkfir olunmasını (onlara kafir deyilməsini) tələb edir. Bu, İslamda ilk çıxan bidətdir". ("Məcmuul-Fətava" 13/ 30).
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Xəvariclərin zəlalətinin əsası onların hidayət imamları və müsəlmanların camaatlarının böyüklərinin dindən çıxdıqları və zəlalət içində olmaları haqda etiqadlarıdır. Zülm gördükləri hər bir şeyi küfr sayır, sonra da bu küfr üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxan Rafizi, Xəvaric və digər bidət əhlinin üslubudur ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş və ox ovdan çıxdığı kimi İslamdan çıxmışlar". ("Məcmuul-Fətava" 28/ 497).
Həmçinin, buyurur: "Onlarda müsəlmanlara xas olmayan iki xislət var:
-
Onlar günah olmayan bir şeyi günah sayır, savab olmayan bir əməli yaxşı əməl sayır. Məsələn, onlar Peyğəmbəri (sallallahu aleyhi və səlləm) ədalətsizlikdə ittiham etmişlər
-
Onlar günah edən adamı təkfir edirlər (ona kafir deyirlər). Günah edən müsəlmanı kafir saydıqları üçün onun qanını, malını halal sayır, islam diyarını hərb diyarı görür, yalnız öz diyarlarını iman diyarı sayırlar.
Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha görə təkfir edərsə və onunla kafir müamiləsi edərsə, o, camaatdan ayrılan bir kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır" ("Məcmuul-Fətava" 19/ 70-72).
Xəvariclərin nəfslərinə uyğun dəlillər çıxarması
Xəvariclər öz fikirlərini əsalandırmaq üçün Quranın zahiri açıq dəlillərinə etimad edirlər. Sünnədən öz iddialarına görə Qurana zidd olanları qəbul etmirlər. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Sünnədən gələn dəlil mütəvatir olsa da onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə görə kim mürtəd olubsa, onun malını, qanını halal sayırlar. Halbuki, belə bir halallığı onlar əsli kafirdə görmürlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər". ("Məcmuul-Fətava" 3/ 355).
Onlar iki təhlükəli məsələyə düşmüşlər: Sünnəni, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabeçiliyi tərk etmələri və Quranı öz ağılları ilə təfsir etmələri (Öz rəyləri və nəfsi istəklərilə). İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Xəvariclər Sünnədən yalnız Quranın ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana isə tabe olmurlar". ("Məcmuul-Fətava" 13/ 48). Digər xətaları isə Quranın təhdid ayələrində üzə çıxmışdır. Bu ayələri düzgün başa düşməmişlər. Xəvariclər bir rəyə etiqad edirlər, sonra Quranın ayələrini etiqad etdikləri şeyə tərəf çevirirlər. Onlar bu məsələdə iki yol tutublar; Ya Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi bir mənaya yönəldirlər. Hər iki üslub batildir. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu rəydə kim onlara müxalif olarsa kafir sayırlar. Əhli Sünnə vəl-Camaat isə Rəbbi tərəfdən gələn haqqa tabe olurlar, lakin özlərinə müxalif olanları təkfir etmirlər. Çünki, onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən rəhmli olanlardırlar". (Məcmuul-Fətava" 19/ 73).
Xəvariclərin bəzi üslubları
-
Alimlərinin xətalarını izləmək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Onlar haqq yolda olan alimləri naqis göstərməyə çalışırlar, çünki alimlər onların öz hədəflərini yerinə yetirməkdə bir maneədirlər". ("Məcmuul-Fətava" 4/ 155).
-
Özlərinin əksinə olan dəlilləri gizlətmək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri gizlətməsin. Özünə müxalif olan dəlilləri danışmaqdan xoşlanmır və kim də bu dəlilləri danışırsa onlara da nifrət edirlər. ("Məcmuul-Fətava" 20/ 161).
-
Hakimlərin xətalarını güdmək, avam camaatı onlara qarşı qaldırmaq, onlara tənə edib kafir saymaq onların vəsflərindəndir. Onlar qiyam üçün müəyyən zaman və şərait axtarırlar. Ümumi olaraq onlar böyük fitnələrin ardınca çıxırlar.
İbn Kəsir (Allah ona rəhm etsin) deyir: "Nəhrəvan günü çatanda insanlar dedilər: "Onların kökünü möminlərin əmiri kəsdi, Allaha həmd olsun!" Əli (Allah ondan razı olsun) dedi: "Allaha and olsun ki, elə deyil! Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar. Onlar şər insanlardan törəndikdə bir-iki nəfər adam tapan kimi qiyam etmək üçün qüvvələrini birləşdirəcəklər".
Şeyx Salih əl-Fovzan (Allah onu qorusun) buyurur: "Xəvariclərin məzhəbi üç şey üzərində qurulub:
1. Müsəlmanları təkfir etmək (kafir demək).
2. Ölkə başçısına itaətdən çıxmaq.
3. Müsəlmanların qanlarını (yəni, onları öldürməyi) halal görmək.
Bax bu, xəvariclərin məzhəbidir. Hətta o, bu şeyləri danışmasa da, əməl etməsə də, yalnız bunlara qəlbində etiqad etsə belə xəvaric olur". (əl-İcəbətul-Muhimmə, səh. 12).
Xəvaric əqidəsi
Xəvariclərin nəfslərinə uyğun dəlillər çıxarması
Xəvariclərin bəzi üslubları
Şeyx Salih əl-Fovzan (Allah onu qorusun) buyurur: "Xəvariclərin məzhəbi üç şey üzərində qurulub:
1. Müsəlmanları təkfir etmək (kafir demək).
2. Ölkə başçısına itaətdən çıxmaq.
3. Müsəlmanların qanlarını (yəni, onları öldürməyi) halal görmək.
Bax bu, xəvariclərin məzhəbidir. Hətta o, bu şeyləri danışmasa da, əməl etməsə də, yalnız bunlara qəlbində etiqad etsə belə xəvaric olur". (əl-İcəbətul-Muhimmə, səh. 12).