Quran və Sünnə şəriət mənbəyidir - 2

English

Allah Peyğəmbərə itaəti Qiyamətə qədər vacib etmişdir. Uca Allah buyurur: "Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar" (ən-Nisa, 80).

Bu ayə ona dəlalət edir ki, kim Allahın Rəsuluna ﷺ asi olarsa, onun əmrini yerinə yetirməz, qadağan etdiyindən çəkinməz, xəbər verdiyini təsdiq etməzsə, o, artıq Allaha asi olmuşdur və özünü həlaka sürükləmişdir.

Bəzi insanların Peyğəmbərə olan itaətin yalnız onun sağlığında olmasını demələri İslam dininə tam ziddir, çünki belə bir sözü heç bir İslam alimi deməmiş və bunun əksinə Quran və Sünnədən bir çox dəlillər gətirmişlər.

Ağıl sahibi olan bütün insanlara sual olunur; peyğəmbərliyin iyirmi üç ili ərzində Peyğəmbərin ﷺ dediyi sözlər, etdiyi əməllərin hər birinin Quranda dəlili necə ola bilər? Təqribən 600 səhifəlik kitaba bunlar necə sığışa bilər? Məgər Allah bizə dini yalnız Quran şəklində nazil edib? Allah Qurani-Kərimdə qullarına göndərdiyi kitabın oxunmasını, əzbərlənməsini asanlaşdırdığı demişdir: "Biz Quranı yada salmaq üçün asanlaşdırdıq" (əl-Qəmər, 17). Bütün hədislər Quranda olsaydı Quran kitabının cildləri yüzlərlə, bəlkə də minlərlə olar, bu isə insanlara ağır gələrdi.

Həmçinin Uca Allah Quranda "ey möminlər" dedikdə, bu xitabın bütün dövrlərə aid olduğunu göstərir. Bu isə Peyğəmbərə ﷺ itaət ayələrəinin yalnız onun dövründə olan insanlara deyil, bütün dövrlərdə, gələcəkdə bunu oxuyan hər bir müsəlmana aid olduğunu göstərir. Yəni Peyğəmbərə ﷺ itaət ayələri müəyyən bir vaxta, səhabələrin dönəminə bağlanmamış, bütün əsrlərə aid edilmişdir.

Uca Allah Peyğəmbərin ﷺ vəfatından sonra onun sünnəsinə qayıtmağı, onun sünnəsinin şəriətdən olmasını bəyan etmiş, Peyğəmbərə ﷺ itaət ayələrini buna dəlil etmişdir. Əks təqdirdə Allah Öz qullarına gücləri çatmadığı bir şeyi yükləmişdir, çünki Peyğəmbər ﷺ vəfat etmiş, ondan da bir şeyin hökmünü öyrənmək mümkün deyil. "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). Belə olduqda yeganə yol Peyğəmbərin ﷺ sünnəsinə qayıtmaqdır. Uca Allah buyurur: "Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmaz" (ən-Nisa, 65).

"O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (əl-Həcc, 78);

"Allah sizin üçün çətinlik istəmir, əksinə, asanlıq istəyir" (əl-Bəqərə, 185). Bu ayələrdə Allah insanlara çətinlik istəmədiyini xəbər verir. 

Həmçinin Allahın Öz qullarına Peyğəmbərə ﷺ itaət etmələrini əmr etməsi, seçimə, ixtiyara aid deyil. Əksinə, onlara birbaşa qəti bir əmr edir. Onun üçün Qurani-Kərimdə Peyğəmbərə ﷺ itaət etməyənləri bu əməllərindən çəkindirir və bunu edənlərə şiddətli əzabın baş verəcəyini xəbər verir. Uca Allah buyurur: "Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır" (ən-Nisa, 14); "Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür" (əl-Əhzab, 36); "Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır" (əl-Cinn, 23); "Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar" (ən-Nur, 63).

ən-Nur surəsinin 63-cü ayəsinin təfsirində İbni Kəsir (Allah ona rəhm etsin) buyurur: "Peyğəmbərin ﷺ şəriətinə həm batinən, həm də zahirən müxalif olanlar onlara fitnənin gəlməsindən qorxmalıdırlar. Buradakı "bəla", yəni qəlblərinə küfrün, nifaqın və bidətin daxil olması və yaxud onlara şiddətli əzabın baş verməsidir. Yəni öldürülmək və ya onların həbsə düşmələri və ya buna bənzər bir şeylərin baş verməsindən qorxmalıdırlar". (Təfsiri İbni Kəsir, 6/90).

Bəziləri Peyğəmbərdən ﷺ belə bir hədis gətirərək: “Məndən sizə çatan xəbərləri Quranla tutuşdurun. Əgər Qurana uyğun gələrsə, onu mən demişəm. Əgər Qurana müxalif olarsa, mən onu deməmişəm. Mən yalnız Allahın Kitabına müvafiqəm. Allah onunla məni hidayət etmişdir”. (əs-Suyuti “Cəmius-Sağir” 1146; İbn Asəkir “Tarixu Dəməşq” 59/158; Əli əl-Mədini “Təliqat aləl-Məcruhin” 181; əl-Xattabi “Məlim əs-Sunən” 4/276) bu hədisin Qurana uyğun olmayan şeylərin dəlil olmamasına sübut kimi gətirirlər. Halbuki, bu hədis əsli olmayan uydurma hədislər silsiləsindəndir.

əl-Beyhəqi (Allah ona rəhm etsin) bu hədis haqda belə demişdir: “Əksinə, bu batil bir şeydir, çünki Quranda elə bir dəlil yoxdur ki, o hədisi Quranla tutuşdurmağa dəlalət etsin”. (“Dələil ən-Nubuvvə”  1/27)

Həmçinin Uca Allah hər namazda bizim “Bizi doğru yola yönəlt” (əl-Fatihə, 4) deməyimizi istəmişdir. Yalnız Quran doğru yolda olmağa kifayət etsəydi, doğru yolu hər namazda istəmək əmr olunmazdı. “Bizi doğru yola yönəlt” istəyi isə, Peyğəmbərə ﷺ itaət ilə haqq yolda olmaqdır.

Uca Allah buyurur: “Allah insanla ancaq vəhy­ vasitəsilə və ya pərdə arxasından da­nışır, ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqə­tən, O, ucadır, hikmət sahibidir. Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən – göylərdə və yerdə olan­ların sahi­bi Allahın yoluna. Şübhə­siz ki, bütün işlər Allaha qa­yıdır”. (əş-Şura, 51-53).

Qurani-Kərimdə Allah bəyan etmişdir ki, Muhəmməd Peyğəmbərə ﷺ itaət edilməsi insanın doğru yolda olmasına bir səbəbdir: “De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir”. (ən-Nur, 54).

“Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız...” bu ayədəki müraciət kimədir? Buradakı müraciət ümmətdən olan bütün mükəlləf olan hər bir kəsə, insanlara və cinlərə aiddir. Burdakı müraciətin yalnız səhabələrə, Peyğəmbərin ﷺ sağlığında olan insanlara, yəni bütün insanlara deyil müəyyən insanlara aid edilməsi üçün dəlil lazımdır. Yəni bunun xüsusiləşdirilməsi lazımdır.

Ona görə kiminsə “Sünnə yalnız Peyğəmbərin ﷺ dövründə olanlar üçün idi” deməsi batildir.

Quran və hədislər Peyğəmbərə ﷺ itaəti tələb edir.

Peyğəmbərə ﷺ itaət edilməsində risalətin göndərilmə səbəbinin təhqiqi var. Abdur-Rahmən əs-Səədi demişdir: “Allah bütün toplumlara göndərdiyi peyğəmbərlərə itaət edilməsini üçün göndərdiyini xəbər vermişdir: “Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik...” (ən-Nisa, 64).  Rəsulların göndərilmə səbəblərindən biri də, insanların onlara tabe olub yolları ilə getmələridir. Bu itaət isə rəsulların əmr etdiyi bütün şeyləri və qadağan etdiyi bütün şeylərdən çəkinməklə olmalıdır. Həmçinin bu tabeçilik, onları göndərəni, yəni Allahı əzəmətli sayması və Onun qoyduğu yolu üstün tutması deməkdir. Bu ayədə peyğəmbərlərin və son peyğəmbər olaraq Muhəmməd peyğəmbərin ﷺ Allahdan gələn məlumatları təbliğ etdiklərində məsum olmalarının isbatı vardır. Onların əmr və qadağalarının Allah tərəfindən olması bu işdə məsul olmalarını göstərir, çünki Uca Allah mütləq bir şəkildə onlara itaət edilməsini əmr etmişdir. Əgər onlar şəriətin təbliğində məsum olmasaydılar və onlardan şəriətdə xata baş verməsi mümkün olsaydı, Allah mütləq şəkildə onlara itaət edilməsini əmr etməzdi”. (Abdur-Rahmən əs-Səədi “Teysirul-Kərimur-Rahmən” səh. 184).

Bütün rəsullar öz toplumlarını onlara itaət edib tabe olmağa çağırmışlar.

“Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin” (Ali-İmran, 50)

“O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin!” (əş-Şuəra, 124-126).

“O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi açıq-aydın xəbərdar edənəm! Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!” (Nuh, 2-3).

Eləcə də bütün peyğəmbərlər də Allah tərəfindən göndərildiklərinə görə onlara itaət edilməklə xilas olacaqlarını bildirmişlər.

Peyğəmbərimiz ﷺ isə peyğəmbərlərin ən sonuncusu və onun şəriəti də ən sonuncusudur. Onun ümməti son ümmətdir.

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40).

Peyğəmbərinə ﷺ itaəti isə Uca Allah Kitabında bir çox yerlərdə qeyd etmişdir.

“Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun”. (Ali-İmran, 132);
“Allaha itaət edin, Onun rəsuluna itaət edin və pis əməllərdən çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən ancaq açıq təbliğ etməkdir” (əl-Maidə, 92); “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!” (Muhəmməd, 33). Bu haqda ayələr çoxdur.

Peyğəmbərə ﷺ itaət onun vəfatından sonra Qiyamətə qədər İslam dininin əsası, Quranın düzgün başa düşülmə yolu və şəriətin mahiyyətidir.

Şəriətdən az da olsa xəbəri olan hər bir kəsin bildiyi dəqiq olan bir şey var ki, o da Muhəmməd Peyğəmbərə ﷺ itaət - əqidəyə, imana və şəriətin əhkamlarının tətbiq edilməsinə bağlı olan bir məsələdir. Qurani-Kərimdə elə bir ayə yoxdur ki, orada Peyğəmbərə itaətin yalnız onun sağlığına aid edilsin. Əksinə, Quranda Peyğəmbərə itaətin vacibliyindən bəhs edilir və bu ayələr hər bir müsəlmanın Peyğəmbərə itaət etmək hər bir zaman və məkan üçün vacibdir və bu Qiyamətə qədər belədir.

Peyğəmbərdən ﷺ sonra ən xeyirli insanların – səhabələrin yalnız Quranla kifayətləndiyi deyilmir. Əksinə, onlar Peyğəmbər ﷺ vəfat edəndən sonra onun sünnəsinə tam mənasında riayət edən olmuşlar.

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisini ﷺ qızı Fatimə Allahın Mədinə və Fədəkdə Peyğəmbərə ﷺ qənimətdən olaraq verdiyi mallardan olaraq verdiyi mirası və Xeybərin xums payından olan mirası almaq üçün Əbu Bəkrə xəbər göndərdi. Əbu Bəkr əs-Siddiq dedi: "Allah Elçisi ﷺ belə demişdir: "Biz miras tərk etmərik, bizim tərk etdiyimiz sədəqədəir. Ancaq Muhəmmədin ailəsi bu maldan yeyə bilər". Allaha and olsun, mən Allah Elçisinin sədəqəsini Allah Elçisinin ﷺ zamanındakı halından dəyişmərəm. Mən də Allah Elçisi ﷺ işlətdiyi kimi onları işlədəcəyəm". Beləcə, Əbu Bəkr bundan Fatiməyə heç nə vermədi". Digər rəvayətdə deyilir: "Allaha and olsun ki, Allah Elçisinin ﷺ etdiyini gördüyüm bir işi heç vaxt tərk etməyəcəm, mütləq onu eyni şəkildə edəcəyəm. Onun əmrindən bir şey tərk edəcək olsam, azmaqdan qorxuram". (Muslim, 3305,4681; əl-Buxari, 2862, 3093).

Həmçinin ümmətin öndərləri ən böyük alimləri İmam Abu Hənifə, İmam Malik, İmam Şafii, İmam Əhməd öz sözləri ilə açıq aşkar olaraq demiş və insanlara söyləmişdilər ki, “əgər bir şey də sünnət gələrsə, mənim sözlərimi və rəylərimi sünnətin tərəzisinə qoyun. Əgər sünnətə müxalif olarsa, sünnəti mənim sözlərimin önünə qoyun və mənim sözlərim idi divara çırpın” və bu kimi hadisələr, rəvayətlər səhabələrdən və həmçinin alimlərdən çoxdur.

İmam Şafii (Allah ona rəhm etsin) demişdir: “Elə bir kəs yoxdur Allah Elçisinin ﷺ sözü gəldiyi zaman həmin adamın sözü kənara qoyulmasın. Mən hər hansısa bir söz desəm və ya hər hansısa bir qayda qoysam, əgər görsəniz ki, Allahın Elçisinin ﷺ dediyi sözləri və onun sunnəsi mənim dediyimin əksinə deyir, söz Allah Elçisinin sözüdür və qayda da Allah Elçisinin ﷺ qoyduğu qaydadır”.( Tarix Dəməşq, 51/389).

Böyük alimlərin tələbələri də Peyğəmbərdən ﷺ onlara səhih məlumat çatdıqda, alimlərinin sözünü deyil, hədisi əəsas götürmüşlər. Bu haqda alimlərdən bir çox nümunə gətirmək olar.

İslam alimlərinin icması şəhadət kəlməsinin ikinci qisminin “Muhəmməd Allahın Elçisidir” sözünün sünnənin hüccət mənbəyi olması və Muhəmmədin həm sağlığında, həm də ölümündən sonra Qiyamətə qədər ona itaət edilməsinin vacibliyinə dəlildir.

Biz səhabələrin həyatına baxdıqda, heç biri sünnəni kənara qoymamış, əksinə ona daha da sıx sarılmış və Peyğəmbərə ﷺ itaəti onun sünnəsinə itaətlə eyni tutmuşlar.

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Allaha və Onun Rəsuluna itaət etmək, Allahın və Rəsulunun ﷺ halal etdiyini halal etmək, haram etdiklərini haram etmək, Allahın və Rəsulunun vacib etdiklərini vacib bilmək hər bir zaman və hər bir vaxt üçün, istər bu gizlində olsun, istərsə də aşkarda olsun - bütün insanlara və cinlərə vacibdir” (Fətava əl-Kubra, 5/97).

On dörd əsrdir ki, bütün İslam aləmi – Peyğəmbərdən ﷺ dərs almış səhabələrə, tabiinlərə, onlardan sonra gələn İslam alimlərinə tabe olmuşlar. İndi isə bəziləri çıxıb özlərindən nəsə uydurduqda, bu mötəbər İslamın əsaslarını qoyub həmin bidət əhlinin şübhələrinə tabe olmaq ağıl sahibinə nə dərəcədə yaraşar?!

Həmin bidət əhli İslamın iki əsasından ikincisini aradan qaldırmaq istəyirlər ki, bu da Peyğəmbərə ﷺ itaətdir.

Bu şübhəni gətirənlər Peyğəmbərin ﷺ bu hədisində qeyd edilənlərdən olmasından qorxsunlar: Peyğəmbər ﷺ demişdir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: “Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin” deyəcəyi gündən ehtiyat edin...”. (Əbu Davud, 4606, İmam Əhməd, 17306).

Həmçinin hədislərin sonradan uyduralaraq yazılması iddiası batil bir iddiadır. Bu iddiaları müasir dövrdə küfrlə, münafiqliklə seçilən və İslamın dağılmasına çalışan insanlar yayır. Bu sözlərin ziddiyyəti ondadır ki, siz səhih isnadla, ədaləti ilə məşhur olan şəxslərin, alimlərdən alimlərə, onlardan da sıravi müsəlmanlara ötürülən hədislərin heç birini qəbul etmirsiz. Amma öz küfrü, nifaqı və günahları ilə tanınan kəslərin heç bir sənədə əsaslanmadan dediyi isnadsız sözlərini qəbul edir və onun üzərində öz əqidənizi qurur, insanları bu cılız şübhə ilə aldatmaq istəyirsiz. Əgər dediyiniz iddialarda doğrusunuzsa, onda dediyinizin dəlilini, isnadını gətirin. Əgər dediyinizin isnadını gətirsəniz, o zaman digər hədislərin də isnadını qəbul etmək məcburiyyətində olmalısınız və beləliklə ziddiyyətə düşmüş olacaqsınız. Əks təqdirdə isə iddialarını sübuta yetirə bilməyən, savadsız və cahil bir toplum olacaqsınız. Bu iddianı irəli sürənlər tarixi hadisələri, hədis elminin hansı bir şəkildə toplanıb cəm edilməsini, hədis alimlərinin kim olmasını, onların tərcümeyi halını bilməməsinə görə ortaya çıxmışdır. Əgər həmin şəxslər tarix və tərcümeyi hal kitablarına baxsaydı, görərdi ki, hədislərin cəm edilib yazılması ümmətin bütün öndərləri tərəfindən ortaya qoyulmuşdur. Bu, bir iki nəfərin topladığı şey deyil ki, kim istəsə dəyişə bilsin. Hədislərin toplanıb yazılması, rəvayət edilməsi, birindən digərinə ötürülməsi ümmətin yaşadığı şərqdən qərbə kimi olan ərazidəki insanların arasından götürülmüşdür. Bu iş saraylardan və hakimlərin əlinin altından uzaq olan yerlərdə, kəndlərdə, qəsəbələrdə, ucqar ərazilərdə baş vermişdir. Əksər alimlərin, hədis rəvayət edənlərin bir çoxu kasıb və saraylardan uzaq olmuşlar. Həmçinin dünyada mövqe tutmağa can atmayan, zahid, vəzifədən uzaq insanlar olmuşlar. Onlar hətta qazı olmaqdan çəkinmiş, Allahdan qorxan, elmləri ilə seçilən, hədis toplamaq üçün müxtəlif məmləkətlərə səfər etmiş şəxlər olmuşlar. Onların məskənləri məscidlər, elm məclisləri, həccdə insanların toplaşdığı yerlər olmuşdur. Onların məskəni saraylar və qəsrlər olmamışdır. Bu, batil şübhəni iddia edənlər tarixə, tərcümeyi-hal kitablarına baxmayan, bəlkə də o kigtabların üzünü belə açmayan və bu məsələdə çox cahil olan adamlardır.

Əməvilərin və Abbasilərin hədisləri öz xəlifəliklərinə uyğun dəyişdirdiklərini fərz etsək, bəs fiqh məsələlərinə aid hədislərin dəyişdirilməsinin nə məntiqi var? Yəni əgər onlar özlərinə lazım olan hədisləri dəyişdirirdilərsə, bəs namaz, oruc, ticarət, nikah və s. bir çox əhkamlara aid hədisləri niyə dəyişdirsinlər ki? Bunları dəyişdirməyin onların xəlifəliklərinə nə kimi faydaları dəyə bilər? Bu, məntiqsiz yanaşmadır. Üstəlik, axı siz bütün hədisləri inkar edirsiniz. Bunlar hamısı bu batil iddianı edənlərin Allahın şəriətindən xəbərsiz olmalarının göstəricisidir.

Hədislər əl-Buxarinin, Muslimin, ət-Tirmizinin, ən-Nəsəinin, İbn Məcənin, Əbu Davudun, Malikin, əş-Şafinin və digərlərinin böyük hədis kitablarında cəm olunmuşdur. Amma hədislərin əzbərlənməsi, hissə-hissə yığılması Peyğəmbərin ﷺ dövründən başlamışdır. Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ səhabələrindən heç kim mənim qədər hədis əzbərləmirdi. Yalnız Abdullah ibn Amr, çünki o, hədisləri yazırdı, mən isə yazmırdım”. (əl-Buxari, 113).

Hədislərin əzbərlənməsi, bir-birinə və özündən sonrakına ötürülməsi üçün ən gözəl üsul idi. Ona görə səhabələr hədisləri əzbərləyər, bəziləri isə yazardı. Sonra gələnlər həmin əzbərlənərək ötürülən hədisləri öz kitablarına yığaraq böyük hədis kitabları tərtib etmişlər.

Xatib əl-Bağdadi (Allah ona rəhm etsin) demişdir: “Artıq sabit olmuşdur ki, ilk vaxtlarda hədisin yazılmasını istəməyənlər Qurani-Kərimə hər hansısa bir şeyin yazılaraq qarışmasından və ya insanların Qurandan başqa bir yazı ilə məşğul olmaması üçün olmuşdur. Onlar insanlara sünnəni, yəni hədisləri əzbərləməyə yönəldirdilər. O, dövrdə isnad çox yaxın idi. Səhabələrin dönəmində Peyğəmbərdən ﷺ sonra olan vaxt çox uzaqda deyildi və insanları yazıya etimad etməkdən uzaq tutub əzbərlərinin və zehinlərinin daha çox genişlənməsi üçün bunu edərdilər. Çünki insanın yazı olaraq yazıya etimad etməsi əzbərinin aradan qalxması və zəifləməsinə gətirib çıxarardı. Onlar da istəyirdilər ki, insanın elmi, əzbəri onunla bərabər getdiyi bütün yerə getsin”. (Xatib əl-ağdadi “Təqyid əl-İlm” səh. 57-58).

Hədis alimlərinə baxdığımız zaman onlar hədisin əzbərlənməsi və yadda qalınması üçün geniş bir vaxt ayırardılar və məclislər quraraq daim təkrarlayardılar. İndiki dövrdə özlərini “Qurani” adlandıranların həmin rəvayətləri rədd etmələri Qurani-Kərimin hökmünə ziddir. Uca Allah buyrur:  “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gə­tirsə, onu araş­dırın...”. (əl-Hucurat, 6). Ayənin əks məfhunu təqvalı insanın sözünün qəbul edilməsidi. Bizə təqvası və elmi ilə bilinən bir insan müəyynə bir məlumatı xəbər verirsə, ona necə etimad etmək olmaz? Ona görə də ümmətinin əvvəlindən gələn məlumatları, alimlərin topladıqları səhih hədisləri qəbul etməyənlər cahil insanlardır.

Ümimilkdə isə hədis elmi – Allahın, Quranı qoruması kimi hədisləri də qoruması ilə baş vermişdir. Hədislərin qorunması Allahın hədis alimlərini yetişdirməklə həyata keçmişdir.

Hədislərin yazılması əsas etibarilə səhabələrdən sonrakı dövrdən başlamışdır. Muhəmməd ibn Sirin (Allah ona rəhm etsin) demişdir: “Müsəlmanlar isnad barəsində sual ver­məzdilər. Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar. Beləcə, sünnə əhlinə diqqət yetirilər və onların hə­disləri qəbul edi­lər, habelə bidət əhlinə diqqət yetirilər və onların hədisləri rədd edilərdi”. (Muslim, 15, 27).

Rəvayət edilir ki, İmam əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Muhəmməd ibn Sirinin “Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar”- sözü Osmanın qətlindən və xavariclərin Əli və Müaviyəyə qarşı çıxmalarından başladı. Xavariclər Osman və Əlini qətlə yetirmiş və onların mallarını və qanlarını halal görməyə başlamışdılar”. (əl-Mufim,1/123).

əl-Aləi (Allah ona rəhm etsin) demişdir: “Muhəmməd ibn Sirinin “Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar”- sözü, bidət əhlinin çoxlu hədislər uydurub bidətlərini yaymağa başlamışdılar. İmam əş-Şafii (Allah ona rəhm etsin) demişdir: “İbn Sirin, Urva ibn Zubeyr, Tavus, İbrahim ən-Nəxai və digər böyük alimlər və tabiinlər özləri üçün hədisin yalnız etibarlı olan, əzbərləməsi və doğru rəvayəti ilə tanınan şəxslərdən götürərdilər. Mən hədis əhlindən heç vaxt bu qaydanı pozduğunu görmədim”. (Cəmi ət-Təhsil, səh. 69-70).

Alimlər hədis səhih və doğru olub-olmamasını dəqiqləşdirmək üçün şərtlər qoymuşlar. Onlar hədisləri öz kitablarına yazdığı zaman hədisi bir neçə süzgəcdən keçirərdilər.

İmam əş-Şafiinin (Bax:  İmam əş-Şafii “ər-Risalə” 370-372) alimlər tərəfindən hədisin səhihliyi üçün tələb etdikləri şərtləri qısa olaraq belə qeyd etmişdir: Hədisi rəvayət edən şəxs dinində ədalətli olmalı, sözündə sadiqliyi ilə bilinməli, nə danışdığını bilməli, ağıllı olmalı, dediyi sözlərin nə məna kəsb etdiyini bilməli, danışdığı hədislərdə hərflərin belə yerini bilməli və rəvayətlərin son nöqtəsinə qədər dəqiq bilməli və əgər hədisdə olan bir sözün mənasını bilmirsə, həmin hədisi məna ilə rəvayət etməməlidir. Çünki onun qəsd etdiyi məna həqqiqətə uyğun olmaya və halalı haram, haramı isə halal şəklində dəyişə bilər. İşlətdiyi səhv məna hədisin mənasını dəyişə bilər. Həmçinin rəvayət etdiyi hədisi əzbər bilməli, digər rəvayətlərə müxalif olmamalı, hər hansısa bir ravi ilə görüşüb, lakin onda eşitmədiyini rəvayət etməməlidir. Alimlər bu və digər ağır şərtlərə uyğun olan hədisləri öz kitablarına yazmış və həmin hədislər bizim dövrə qədər gəlib çatmışdır. Hədis kitablarının müqəddimələrinə baxdığımız zaman bu haqda geniş məlumat əldə etmək olur.

Hədisləri əzbərdən bizim dövrümüzə çatdıranlar, Quranı da həmin hifzlərindən, əzbərlərindən yığmış və Quran halına salmışlar.

İmam əş-Şafii (Allah ona rəhm etsin) demişdir: “İnsanlar içərisindən özünü elmə nisbət edən elə bir şəxs yoxdur ki, Allahın Peyğəmbərinə ﷺ itaət edilməsi əmrinə qarşı çıxsın və onun hökmünü rədd etsin. Belə bir insan yoxdur”. (əş-Şafii “əl-Umm” 9/5).

İbn Həzm (Allah ona rəhm etsin) demişdir: “Əgər Peyğəmbərdən ﷺ səhih olaraq dediyi isbat olunan bir xəbər gəlmişdirsə, iki müsəlmandan biri də olsa belə ona tabe olunmasının fərz olmasında ixtilaf etməmişdir. Həmçinin sünnə, Uca Allahın istəyinin təfsiridir. Quranın geniş izahıdır. Sonralar isə müsəlmanlar həmin xəbərin necə qəbul edilməsində ixtilaf etmişlər. Bu, Allahın ən-Nisa surəsi 59-cu ayəsində qeyd edilir: “Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa, 59). Lakin həmin xəbərlərin hansı şəkildə qəbul ediləcəyi, hədisin səhih və  ya zəif olmasının şərtlərində ixtilaf etmişlər”. (İbn Həzm “əl-İhkəm fi Usul əl-Əhkəm” 1/104). Bu ayədən də göründüyü kimi, Peyğəmbərin ﷺ qoyduğu yola tabe olub, onun sünnəsi ilə getmək möminlərin yoludur. Bunun inkarı isə İslam düşmənlərinin yoludur. Peyğəmbərin ﷺ yolundan qeyri yol isə zəlalətdən başqa bir şey deyil. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir”. (ən-Nisa, 115).